Elm və Təhsil Nazirliyinin əməkdaşları Fizika İnstitutunda olublar

Elm və Təhsil Nazirliyinin əməkdaşları Fizika İnstitutunda olublar Fizika İnstitutunda Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədli və Elm, ali və orta ixtisas təhsili şöbəsinin elm sektorunun müdiri Turxan Süleymanla görüş keçirilib.
Görüş Fizika İnstitutunda aparılan tədqiqat işləri, elmi işçilər üçün yaradılan şəraitlə tanışlıq məqsədi daşıyıb.
Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov bu elmi müəssisənin fəaliyyəti, görülən işlər haqqında məlumat verib. N.Məmmədli nazirliyin bu elmi müəssisəyə daha çox üstünlük verdiyini bildirib və gələcək planlar haqqında danışıb.
Daha sonra əməkdaşların təklifləri dinlənilib. Bildirilib ki, ölkədə elmin inkişafı üçün xarici ölkələrlə kadr mübadiləsi aparılmalı, qarşılıqlı ezamiyyətlər təşkil olunmalı, institut yeni avadanlıqlarla təchiz olunmalı, elmlə təhsilin inteqrasiyası daha da gücləndirilməlidir. Həmçinin qeyd olunub ki, televiziya kanallarında elmlə bağlı verilişlər azdır. İctimaiyyətin elmə marağını artırmaq üçün bu istiqamətdə də işlər görülməlidir. Görüşün sonunda qonaqlar institutda fəaliyyət göstərən laboratoriyalarla tanış olublar. Onlara burada aparılan tədqiqatlar, avadanlıqlar haqqında məlumat verilib.

Tehsil-press.az


Oxşar xəbərlər