ÇİNLİ ALİMLƏR FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR

ÇİNLİ ALİMLƏR FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Çin Elmlər Akademiyası Fizika İnstitutunun Məsləhət Şurasının sədri, akademik Enge Vanq, Çin Elmlər Akademiyası Fizika İnstitutunun direktor müavini, professor Ya Ven, Çin Elmlər Akademiyası Fizika və Kimya üzrə Sincan texniki institutunun direktor müavini, professor Hacı Əkbər Aişa və digərləri qonaq olublar. Qonaqlar əvvəlcə İnstitutun direktoru akademik Nazim Məmmədovla görüşüblər. Görüşdə AMEA Rəyasət Heyətinin Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, İnstitutun İnnovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Ayaz Bayramov, laboratoriya rəhbəri, fizika üzrə elmlər doktoru Elçin Cəfərov iştirak edib. N.Məmmədov AMEA Fizika İnstitutunun fəaliyyəti, elmi nəticələri haqqinda məlumat verib, burada aparılan tədqiqatlardan bəhs edib. Akademik Enge Vanq bildirib ki, Fizika İnstitutuna səfər etməkdə məqsəd İnstitutun fəaliyyəti ilə tanış olmaq, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.
Sonda qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda mövcud olan müasir maddi-texniki baza ilə tanış olublar. AMEA Fizika İnstitutunun alimləri burada aparılan tədqiqat işləri haqqında məlumat veriblər.
Çinli alimlərdən ibarət nümayəndə heyəti həm də Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi və Azərbaycan Tibb Universitetini də ziyarət ediblər, Mərkəzin direktoru professor Sevda Abdullayeva və Universitetin prorektoru Orxan İsayevlə görüşüblər, hər iki təşkilatda aparılan elmi-tədqiqat işləri ilə tanış olublar və yaxın gələcəkdə sıx əməkdaşlıq yaradılması məsələlərini müzakirə ediblər.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
(012) 5372365


Oxşar xəbərlər