Müsəlman ölkənin bu addımı riyakarlıqdır, satqınlıqdır

Müsəlman ölkənin bu addımı riyakarlıqdır, satqınlıqdır Bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaratmışıq, həm yerləşdiyimiz bölgədə, həm də digər qitələrdə. Təkcə Avropa İttifaqına üzv ölkələrin doqquzu, digər ölkələr Azərbaycanla strateji tərəfdaşlıq bəyannamələri imzalayıb. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Yəni, bu beynəlxalq əlaqələr və Azərbaycanın beynəlxalq nüfuzu bizə imkan verdi ki, daha çox dostlar qazanaq, eyni zamanda, Qarabağ həqiqətlərini, erməni işğalı ilə bağlı həqiqətləri dünya birliyinə çatdıraq və çatdırdıq.
Bu sözləri Prezident İlham Əliyev bu gün Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, bütövlükdə götürəndə 44 gün ərzində müharibə ilə bağlı beynəlxalq yanaşma müsbət idi:
“Düzdür, bəzi ermənipərəst ölkələr və Ermənistanla yaxın əlaqələrdə olan ölkələr bizə qarşı bəzi siyasi addımlar atmağa çalışırdılar. Amma onlar da heç bir səmərə vermədi. Çünki biz bu illər ərzində güclü beynəlxalq dəstək qazandıq. Biz Qoşulmama Hərəkatına sədr seçildik. Bizim sədrliyimiz yekdil qərarla təsdiqləndi. Sədrliyimiz yekdil qərarla daha bir il uzadıldı. Bu da dünya birliyinin əksər hissəsini birləşdirən beynəlxalq təsisatdır. Bu təsisata 120 ölkə üzvdür. Biz müsəlman ölkələri ilə sıx əlaqələr qurduq və onlara izah etməyə nail olduq ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur. Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik, bunun başqa səbəbləri var - bax, dediyim riyakarlıq. Ancaq bütövlükdə Ermənistan müsəlman aləmində məscidləri dağıdan, təhqir edən ölkə kimi tanındı və bunu biz etdik”.

Tehsil-press.az

Oxşar xəbərlər