Pedaqoji Universitetin fakültələrində Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub

Pedaqoji Universitetin fakültələrində Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib. Tədbirlərdə Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu tədbirlərdən biri Kimya və biologiya fakültəsinin təşkil etdiyi “Zəfər Günü” adlı intellektual yarış olub. Şanlı zəfərimizdən, qazilərimizdən, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizdən bəhs edən yarışda 18 komanda mübarizə aparıb. “Fateh” komandası I yerə, “Aypara” komandası II yerə, “Vətən” komandası III yerə layiq görülüb. Qaliblər fakültə rəhbərliyi tərəfindən diplom və medallarla mükafatlandırılıb.
İncəsənət və fiziki tərbiyə fakültəsində keçirilən tədbirdə fakültə dekanı dosent Laçın Həsənova çıxış edərək xalqımızın keçdiyi şanlı yola nəzər salıb. Fakültənin tələbələri vətənpərvərlik mövzusunda səhnəciklər və musiqi nömrələri ilə çıxış ediblər. Tədbirdə, həmçinin tələbələrin qəhrəmanlıq mövzusunda rəsm əsərləri nümayiş edilib.
Fizika fakültəsində “Qayıdış” adlı tədbir keçirilib. Tədbirə qonaq qismində dəvət olunan polkovnik-leytenant Məhərrəm Əliyev və polkovnik Mirqiyas Rüstəmov Zəfər Gününün xalqımızın və dövlətimizin həyatındakı əhəmiyyətindən danışıblar. Fakültənin dekan müavini dosent Xankişi Məmmədov Zəfər Gününə həsr etdiyi “Zəfərin mübarək, cənab Komandan!” şeirini söyləyib. Həmçinin tələbələrin hazırladıqları tamaşa nümayiş olunub.
Məktəbəqədər təhsil fakültəsində keçirilən tədbirdə fakültə dekanı dosent Nailə Hüseynova, kafedra müdirləri professor Ramiz Əliyev, professor Müseyib İlyasov çıxış ediblər. Çıxışlarda Şanlı Zəfərimizin memarı olan Prezident İlham Əliyevin müdrik siyasətinin xalqımızı qələbəyə apardığı vurğulanıb.
Tələbələr də bu şanlı tarixlə bağlı fikirlərini bölüşərək, doğma Qarabağımıza yeni həyatın gəlməsini qeyd edib, azad olunmuş ərazilərdə gənc mütəxəssislər kimi çalışmaq arzularını dilə gətiriblər.
Sonda tələbələr tərəfindən hazırlanmış videoçarx təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər