Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi sükutla anılıb.
Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. Bildirib ki, bu il olimpiadanın rayon (şəhər) mərhələsində 28 828 şagird iştirak edib. Onlardan 16 116 nəfəri (56 faiz) qız, 12 712 nəfəri (44 faizi) isə oğlan olub. Olimpiadanın nəticələrinə əsasən, 155 nəfər bürünc, 116 nəfər gümüş, 56 nəfər qızıl medal olmaqla, ümumilikdə 327 nəfər qalib elan edilib. Hər bir fənn üzrə ən yaxşı nəticə göstərmiş 1 nəfər olmaqla, ümumilikdə 8 şagird “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev qalibləri təbrik edərək istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Nazir qeyd edib ki, Azərbaycanın bütün bölgələrində olimpiadalara hazırlıq prioritet istiqamətlərdən olmalıdır: “Hər il olimpiadalarda 30 mindən artıq şagird iştirak edir. Bu isə olimpiadaların ölkənin bütün bölgələrini əhatə etdiyini göstərir. Məktəblilərimiz respublika səviyyəli olimpiadalarla yanaşı, beynəlxalq olimpiadalarda da uğurla çıxış edirlər, beynəlxalq olimpiadalardan medallarla geri qayıdırlar”.
Emin Əmrullayev diqqətə çatdırıb ki, olimpiada qaliblərinin birbaşa ali təhsil müəssisələrinə qəbul olunması şagirdlərin olimpiadalara daha həvəslə qoşulmasına imkan verir. O bildirib ki, bu il olimpiadalar xüsusi şəraitdə təşkil olunub – həm zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi, həm də pandemiya olimpiadanın təşkilinə təsir göstərdi. Lakin biz olimpiadanı uğurla yekunlaşdırdıq.
Mərasimdə respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya – “Birincilərin birincisi”nə və bütün olimpiada qaliblərinə mükafatlar təqdim olunub.
Tədbirdə şagirdlərin ifasında bədii kompozisiyalar təqdim olunub.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, olimpiadanın münsiflər heyətinin üzvləri, ictimai-siyasi xadimlər, valideynlər iştirak ediblər. Mükafatlandırma mərasimində Azərbaycanın Milli Qəhrəmanı şəhid general-mayor Polad Həşimovun xanımı Ofeliya Salmanova fəxri qonaq qismində iştirak edib.
Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər