1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları ilə görüş təşkil olunub

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları ilə görüş təşkil olunub Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları ilə görüş təşkil edib.
“Biz Zəfərin övladlarıyıq” adlı tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şagirdləri təbrik edən təhsil naziri Emin Əmrullayev hər zaman dövlət səviyyəsində onlara göstərilən xüsusi diqqət və qayğıdan danışıb. Nazir uşaqların sağlam və firavan böyüməsinin, rifahının yüksəldilməsinin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib. Təhsil naziri, həmçinin 44 günlük Vətən müharibəsi zamanı şəhid olan şagirdlərimizi xatırlayıb. Vətən müharibəsində qazanılan zəfərdə təhsil işçilərinin də rolunu vurğulayan Emin Əmrullayev şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edib, qazi və əsgərlərimizə cansağlığı arzulayıb.
Təhsil naziri diqqətə çatdırıb ki, bu səpkidə keçirilən görüşlər uşaqları maraqlandıran sualların cavablandırılması, onların öz fikirlərini sərbəst ifadə edə bilməsi baxımından təqdirəlayiqdir. Nazirlik gələcəkdə də ardıcıl olaraq belə görüşləri keçirməyi planlaşdırır.
Tədbirdə iştirak edən şagirdlərdən əlavə, bölgələrdən olan 50-dən çox məktəbli görüşə onlayn qoşulub.
Sonra təhsil naziri şagirdlərə tövsiyələrini verib, onların suallarını cavablandırıb. Məktəblilərə hədiyyələr təqdim olunub.
Tədbirin sonunda şagirdlərin ifasında “Azərbaycanım” mahnısı səsləndirilib, xatirə şəkli çəkdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər