ADU-da tədbir: Beynəlxalq sanksiyalar müasir geosiyasətin aləti kimi

ADU-da tədbir: Beynəlxalq sanksiyalar müasir geosiyasətin aləti kimi Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində Beynəlxalq münasibətlər kafedrası, Magistratura və doktorantura şöbəsinin təşkilatçılığı ilə “Beynəlxalq sanksiyalar müasir geosiyasətin aləti kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Leyla Rüstəmli “Sanksiya paradoksu” mövzusunda çıxış edib. O, çıxışında sanksiyaların həm dövlətlər, həm də beynəlxalq təşkilatlar tərəfindən öz siyasi məqsədlərinə çatmaq üçün bir vasitə kimi intensiv istifadə olunduğunu və BMT nizamnaməsində “sanksiya” ifadəsi işlədilməsə də, qeyri-məqbul davranış nümayiş etdirən dövlətlərə qarşı müxtəlif cəza tədbirləri nəzərdə tutulduğunu qeyd edib. Məruzəçi, eləcə də sanksiya tətbiq edən və sanksiyaya məruz qalan dövlətlər haqqında geniş məlumat verib.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Günel Hacalıyeva “Rəqəmsal sanksiyalar: müasir geosiyasətin çağırışları” mövzusunda çıxış edib. O, çıxışında rəqəmsal sanksiyaların beynəlxalq münaqişələrin tamamilə yeni cəbhəsini təmsil etdiyini və bizə məlum sanksiyalar mahiyyətcə yeni bir növü olduğunu və istənilən sanksiya növü kimi rəqəmsal sanksiyaların da beynəlxalq münasibətlərdə məcburetmə xarakterinə malik olduğunu bildirib.
Beynəlxalq münasibətlər kafedrasının I kurs magistrantı Kamran İmaməliyev isə “Qərbin Rusiyaya qarşı sanksiya siyasəti” mövzusunda çıxış edib.
Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadənin moderatorluğu ilə keçirilən tədbir mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər