BDU ilə TED Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

BDU ilə TED Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin TED Universitetinin rektoru İhsan Sabunçuoğlu ilə görüşüb.
Görüşdə E.Babayev BDU-nun tarixi, strukturu, tədris və elm fəaliyyəti ilə bağlı məlumat verib. Qeyd edilib ki, ölkənin ən böyük ali təhsil müəssisəsi olan BDU-nun bazasında indiyədək 4 universitet yaradılıb. 25 minə yaxın tələbəsi olan BDU-nun 16 fakültəsi, bir kolleci, bir liseyi, Qazax filialı fəaliyyət göstərir. Təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir.
Rektor son illər BDU-nun beynəlxalq əlaqələrinin daha da genişləndiyini, dünyanın müxtəlif ölkələri ilə ikili diplom proqramları və əməkdaşlıq müqavilələrinin imzalandığını qeyd edib. Vurğulanıb ki, qardaş Türkiyə universitetləri ilə əməkdaşlığın genişləndirilməsi BDU üçün prioritet təşkil edir.
Rektor İhsan Sabunçuoğlu rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib. Dünyanın 35 ölkəsindən tələbələrin təhsil aldığı TED Universitetində tədrisin ingilis dilində təşkil olunduğunu bildirib. O, BDU ilə kompüter elmləri, informasiya texnologiyaları, dəqiq elmlərin digər sahələri üzrə əməkdaşlıq imkanlarının olduğunu deyib.
Sonra iki universitet arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər