Xaricilər Azərbaycana sərmayə yatırmağa böyük maraq göstərirlər

Xaricilər Azərbaycana sərmayə yatırmağa böyük maraq göstərirlər İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
Seminarda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev “Ölkələrarası investisiya axınlarında yeni trendlər” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi AZPROMO-nun əsas fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr barədə geniş məlumat verib. Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunmasının əhəmiyyətini qeyd edən icraçı direktor “İxrac Akademiyası” layihəsi, “İxracatçılar Klubu”, birbaşa xarici investisiyaların təşviqinə dair 2021-2025-ci illər üçün strategiya, “Made in Azerbaijan” brendi, ixrac missiyaları, yerli və xarici sahibkarların iştirakı ilə keçirilən biznes forumlar, beynəlxalq sərgilər, işgüzar görüşlər, konfranslar barədə danışıb.

Bildirib ki, “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması 10 fərqli mexanizmi əhatə edir. Dəstək tədbirlərindən asılı olaraq onların həyata keçirilməsi ilə bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır. Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan hər bir ixracatçı bu dəstək tədbirlərinə müraciət etmək hüququna sahibdir: “Xarici investorlar Azərbaycana sərmayə yatırmağa böyük maraq göstərirlər. Çünki iqtisadiyyatımız dayanıqlı inkişaf edir, iqtisadi artım qeydə alınır. 2023-2026-cı illəri əhatə edən yeni investisiya strategiyasında qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsi nəzərdə tutulur. Əsas investisiya potensialı olan regionlar kimi Orta Asiya, Çin, Körfəz ölkələri prioritet hesab olunur. AZPROMO investorlarla işləyir və onların təkliflərini nəzərə alır. AZPROMO-nun bir vəzifəsi də investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı hökumətə təkliflər verməkdir”.
Məruzəçi son vaxtlar Rusiya şirkətlərinin ölkəmizə marağının artmasını və bu sahədə onlarla bağlı sanksiya risklərini də vurğulayıb.
Y.Abdullayev bildirib ki, yerli istehsala sərmayələrin cəlbi, ixracatçıların və ixrac məhsullarının sayının artırılması, yerli sənaye məhsullarının ixracının çoxaldılması, sahibkarlarda ixracatçı məntiqinin yüksəldilməsi AZPROMO-nun əsas hədəfləridir: “Hər bir rayonun ixrac potensialı statistikasının hazırlanması planlaşdırılır. Qarabağda investisiyaların cəlb olunması üçün təşviq mexanizmləri nəzərdə tutulur. İnvestorlar işğaldan azad olunmuş ərazilərdə sərmayə yatırmağa, bizneslə məşğul olmağa maraq göstərirlər. İlk növbədə, həmin regionda tam təhlükəsizlik təmin edilməlidir. Bundan sonra regiona iri həcmli xarici sərmayələrin də yatırılacağı gözlənilir”.

Tehsil-press.az


Oxşar xəbərlər