Gömrük Akademiyası ilə “Karmasis Azərbaycan” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Gömrük Akademiyası ilə “Karmasis Azərbaycan” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Dövlət Gömrük Komitəsinin Akademiyası ilə “Karmasis Azərbaycan” QSC arasında Anlaşma Memorandumu imzalanıb. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, “Karmasis Azərbaycan”ın baş meneceri Berna Baysal və Akademiyanın əməkdaşları iştirak ediblər.
Akademiyanın rəisi Qulu Novruzov Azərbaycan ilə Türkiyə arasında mövcud olan səmimi dostluq və qardaşlıq əlaqələrindən söz açaraq təhsil sahəsində də əməkdaşlığın vacibliyini qeyd edib. İkitərəfli əməkdaşlığın gələcək perspektivlərindən söz açan Q. Novruzov tələbələr üçün təcrübə proqramlarının təşkili, akademik sahədə püxtələşmiş İT mütəxəssislərinin Akademiyanın tədris fəaliyyətinə cəlb edilməsi və digər maraq kəsb edən məsələlərə toxunub. Akademiyanın rəisi Türkiyənin aparıcı İT şirkətlərindən biri olan “Karmasis Azərbaycan” ilə imzalanacaq memorandumun qarşılıqlı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirəcəyinə əminliyi vurğulayıb.
Görüşdə Berna Baysal kibertəhlükəsizlik sahəsində inkişaf edən Karmasis şirkəti olaraq Akademiyanın fəaliyyətinə töhfə verəcək əməkdaşlıqdan qürur duyduqlarını bildirib. B.Baysal qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını əminliklə qeyd edib.
Müzakirələrdən sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və “Karmasis Azərbaycan”ın baş meneceri Berna Baysal birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
Memoranduma əsasən, tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və digər məsələlər nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər