Tarix İnstitutunda yeni struktur islahatları aparılıb

Tarix İnstitutunda yeni struktur islahatları aparılıb AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun xüsusi iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətində struktur islahatlarının əsasən başa çatdığını, həmin islahatların elmi-tədqiqat müəssisələrini də əhatə etdiyini bildirib. AMEA rəhbəri Prezident İlham Əliyevin bu yaxınlarda Qərbi Azərbaycanla bağlı səsləndirdiyi çağırışları diqqətə çatdırıb.
İclasda Qərbi Azərbaycanın tarixi coğrafiyasının yazılması, atlasının hazırlanması, bu regionda həyata keçirilən deportasiyaların və erməni təcavüzünün mahiyyəti və s. kimi məsələlərin tədqiqindən danışılıb. Həmçinin Azərbaycan tarixinin qədim dövrünün və müstəqillik mərhələsinin araşdırılması ilə əlaqədar aktual məsələlərdən də bəhs olunub.
Qeyd edilib ki, Azərbaycan tarixinin öyrənilməsinə dair yeni çağırışların həyata keçirilməsi üçün institutda xüsusi islahatlar aparılıb və yeni vəzifələrə təyinatlar olub. Tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev institutun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov yeni yaradılan Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru İkram Ağasiyev isə Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri vəzifələrinə təyin olunublar.
AMEA rəhbəri çıxışının sonunda ölkə başçısının çağırışlarını əsas götürərək Qərbi Azərbaycanla bağlı tədqiqatların genişləndirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb və elmi-tədqiqat müəssisəsində yeni yaradılan Qərbi Azərbaycan şöbəsinin əməkdaşlarına tövsiyə və tapşırıqlarını verib.
Tarix İnstitutunun direktoru professor Kərim Şükürov qarşıya qoyulan yeni vəzifələrin öhdəsindən bacarıqla gələcəklərini, ölkə başçısının çağırışlarına əməli fəaliyyətləri ilə cavab verəcəklərini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər