Elm Tarixi İnstitutunun fəaliyyətinin 5-ci ildönümünə həsr olunan hesabat tədbiri keçirilib

Elm Tarixi İnstitutunun fəaliyyətinin 5-ci ildönümünə həsr olunan hesabat tədbiri keçirilib Elm Tarixi İnstitutunun (ETİ) yaranması və fəaliyyətinin 5-ci ildönümünə həsr olunan hesabat tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq ETİ-nin yaranma tarixi, əldə etdiyi nailiyyətlər, aparılan tədqiqat işləri və beynəlxalq əlaqələrindən, həyata keçirdiyi xüsusi layihə və nəşrlərdən bəhs edib. Akademik diqqətə çatdırıb ki, 2014-cü ildən təsis olunan, 2016-cı ildən isə fəaliyyətə başlayan institut qısa müddətdə kiçik kollektivlə bir çox uğurlara imza atıb, ölkədə və beynəlxalq miqyasda tanınıb, dünyanın bir sıra elmi mərkəzləri ilə əlaqələr qurub.
İsa Həbibbəyli bildirib ki, müəssisədə elmlərin multidissiplinar təhlilini vermək, elm tarixinin nəzəri və metodoloji problemlərini əsaslandırmaq, eləcə də qədim dövrdən bu günə qədərki tarixi görüşlərin formalaşmasını öyrənmək istiqamətində işlər uğurla aparılıb, institut bu istiqamətdə fərqli layihələr və tədbirlər həyata keçirib. Təbiətşünaslığın tarixinə dair beş buraxılışdan ibarət oçerklər, AMEA-nın tarixini əks etdirən külliyyat, azərbaycançılıq ideologiyasının tarixi köklərinin araşdırıldığı, eləcə də bir çox elm sahələrinin tarixşünaslığına, elmi qurumların tarixinə həsr olunmuş nəşr institutun uğurlu göstəriciləri olmaqla yanaşı, eyni zamanda, akademiyanın tarixində də yenilikdir.
Bütün bunların institut rəhbərliyinin peşəkar yanaşması və seçimi ilə reallaşdığını vurğulayan akademik Elm Tarixi İnstitutunda mövcud səmərəli və səmimi işgüzar mühitin formalaşmasında düzgün kadr siyasətinin böyük rol oynadığını bildirib. İnstitut əməkdaşlarının yalnız elmi-tədqiqat sahələrində deyil, ictimai həyatda da aktiv olduqlarını, milli məsələlərin təbliğində mediada xüsusi fəallıqları ilə seçildiklərini qeyd edib.
Sonra ETİ-nin direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli Azərbaycanda elm tarixinin və elmşünaslığın yeganə fundamental araşdırma mərkəzi olan institutun 5 illik fəaliyyətinin qısa hesabatını təqdim edib.
Elmi müəssisənin keçdiyi yola nəzər salan direktor qeyd edib ki, ötən 5 ildə institut bir çox yeniliklərə imza atıb. Spesifik profili, yeni tədqiqat sahələri, fərqli layihə və nəşrləri, intensiv və uğurlu beynəlxalq əlaqələri, respublika və beynəlxalq səviyyəli elmi konfrans və seminarları ilə daim gündəmdə olub.
Qeyd olunub ki, ötən müddət ərzində Elm Tarixi İnstitutu Rusiya, Çin, Ukrayna, Polşa və İtaliyada fəaliyyət göstərən institutlarla fəal əlaqələr qurub, bir neçə xarici elmi qurum ilə əməkdaşlıq barədə razılıq əldə edib, müqavilələr imzalayıb.
2016-2020-ci illər ərzində institutun təşkilatçılığı ilə 1 beynəlxalq səviyyəli konfrans, 1 beynəlxalq elmi seminar, 4 respublika səviyyəli konfrans, 10 elmi seminar və ümumilikdə müxtəlif mövzulara həsr olunan 100-dən çox tədbir keçirilib. Kiçik elmi heyətlə təmsil olunan institutun əməkdaşları 50-dən çox beynəlxalq və ölkə miqyasında konfranslarda iştirak edib, müvafiq olaraq tezis və məqalələr təqdim ediblər. 2016-cı ildən bu günədək ETİ elmi heyətinin 40-dan çox kitabı, 170-dən çox məqalə və tezisi, o cümlədən indeksləşmiş və referativ bazalara daxil olan beynəlxalq elmi jurnallarda 50-ə yaxın məqaləsi çap edilib, beynəlxalq və yerli tədbirlərdə iştiraka, səmərəli fəaliyyətə görə institutun əməkdaşlarına orden və medallar, sertifikatlar, təşəkkürnamələr təqdim edilib.
Məryəm Seyidbəyli bildirib ki, Elm Tarixi İnstitutunun mühüm yeniliklərindən biri də 2020-ci ildə “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi jurnalının nəşrə başlaması və Almaniyanın “Advanced Sciences İndex” (İnkişaf etmiş elmlər indeksi) beynəlxalq elmi nəşrlər bazasının “Tarix və arxeologiya” kateqoriyasında indeksləşdirilməsidir. Elmi məcmuə bu bazada Azərbaycandan humanitar və ictimai elmlər sahəsində indeksləşdirilmiş ilk nəşrlərdən biridir.
İnstitutun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov, Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski çıxış edərək, rəhbərlik etdikləri elmi şöbələrin tədqiqat istiqamətləri, fəaliyyət dinamikası, əsas elmi nəticələri barədə qısa məlumat təqdim edib və qarşıda planlaşdırılmış işlərdən danışıblar.
Elm Tarixi İnstitutunun fəal xarici tərəfdaşlarından Rusiya Elmlər Akademiyasının (REA) S.İ.Vavilov adına Təbiət elmləri və Texnika Tarixi İnstitutunun direktoru, biologiya elmləri doktoru Roman Alekseyeviç Fandonun və REA S.İ.Vavilov adına Təbiət elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya elmləri doktoru Nadejda Aşeulovanın 5 illik yubiley münasibətilə instituta ünvanlanan onlayn təbrik çıxışları dinlənilib.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Könül İbrahimova çıxış edərək, Elm Tarixi İnstitutunun Azərbaycan elmi ictimaiyyəti üçün əhəmiyyətindən bəhs ediblər.
Sonda institut əməkdaşları fəxri fərmanlarla təltif olunub.

Tehsil-press.az



Oxşar xəbərlər