AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin universitetin həyətində qoyulmuş büstünün önünə əklil qoyub xatirəsini yad ediblər.
Təhsil-press.az xəbər verir ki, dövlət himninin səslənməsi ilə başlanan tədbiri giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bütün Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edib. Rektor qeyd edib ki, 24 il bundan öncə xalqın tələbi ilə H. Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini yox olmaq təhlükəsindən qurtarıb.
Tədbirdə iştirak edən millət vəkili, Milli Məclisin regional məsələlər komitəsinin sədr müavini, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov 90-cı illərin əvvəllərinə tarixi ekskurs edərək Azərbaycanda ulu öndərin hakimiyyətə gətirilməsini zəruri edən hadisələrdən danışıb.
“İnşaat sektorunun inkişafında yeni mərhələ” adlı məruzə ilə çıxış edən AzMİU-nun Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri Sahib Fərzəliyev də öz çıxışında H. Əliyevin hakimiyyəti dövründə Azərbaycanda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən danışıb.
AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev respublikada meliorasiya və su təsərrüfatının inkişafında Heydər Əliyevin xidmətlərindən danışıb.
“Heydər Əliyevin gənclər siyasəti etibarlı əllərdədir” adlı məruzə ilə çıxış edən AzMİU-nun İnşaat-texnologiya fakültəsinin II kurs tələbəsi Fidan Məmmədova çıxışında ölkənin inkişafı, dövlətçiliyin yüksəldilməsində Heydər Əliyev dəsti-xəttinin olduğunu, onun gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb, onun milli kadrların yetişməsindəki müstəsna rolunu qeyd edib.

Təhsil-press.az

Oxşar xəbərlər