Kosovoda daşqın səbəbindən fövqəladə vəziyyət elan edildi

Kosovoda daşqın səbəbindən fövqəladə vəziyyət elan edildi Dünəndən başlayan leysan yağışları səbəbilə Kosovonun bəzi yerlərində fövqəladə vəziyyət elan edilib.
Bu haqda Kosovo müdafiə naziri Armend Mehaj açıqlama yayıb.
Mitrovitsa Bələdiyyə Başçısı Bedri Həmzə də şəhərdəki vəziyyətin narahatlıq doğurduğunu bildirib. O, sosial media hesabında “Mitrovitsada vəziyyət narahatedicidir. İdarə heyətini topladıq və fövqəladə vəziyyət elan etdik. Səhər saatlarından meydanda olmuşuq, insanlara kömək etmək və yaxın olmaq üçün səy göstəririk. Evdən çıxarılmaq istəyən ailələr var, onların sayı kifayət qədər çoxdur. Hər an evakuasiya edilməli olan ailələrin sayı artır”, - qeyd edib.
Skenderay Bələdiyyə Başçısı Fadil Nura şiddətli yağış səbəbindən vəziyyətin daha da pisləşdiyini, bələdiyyə səviyyəsində fövqəladə vəziyyət elan etmək qərarına gəldiklərini və məktəblərin sabah tətil elan edildiyini bildirib. Zaman-zaman elektrik enerjisinin də kəsildiyi bölgədə su basması səbəbindən bəzi nəqliyyat vasitələrinin sürükləndiyi, yolda qalan insanların tikinti texnikasının köməyi ilə xilas edildiyi müşahidə edilib.
Kosovo Hidrometeorologiya İnstitutundan verilən açıqlamada yağıntıların yaxın günlərdə də davam edəcəyi və ölkənin digər bölgələrində də daşqın ehtimalının olduğu bildirilib.
Qeyd edək ki, Albaniya, Serbiya, Bosniya və Herseqovina kimi Balkan ölkələri son günlər yağan leysan yağışları səbəbindən daşqınlarla mübarizə aparır.

Tehsil-press.az



Oxşar xəbərlər