BMT-nin Baş katibi hər kəsin arzularını dəstəkləyə biləcək təhsil sistemləri yaratmağa çağırıb

BMT-nin Baş katibi hər kəsin arzularını dəstəkləyə biləcək təhsil sistemləri yaratmağa çağırıb Təhsil təməl insan hüququdur. Bu, cəmiyyət, iqtisadiyyat və hər bir fərdin potensialının bünövrəsidir. Lakin yetərli sərmayəsiz bu potensial hədər gedəcək. Bir sıra dövlət siyasətlərində və beynəlxalq əməkdaşlıq sənədlərində təhsilə bu qədər az diqqət yetirilməsi məni hər zaman təəccübləndirib.
Bunu BMT-nin Baş katibi Antonio Quterreşin 24 Yanvar - Beynəlxalq Təhsil Günü ilə əlaqədar müraciətində bildirib. Müraciətdə bildirilir ki, ötən il təhsilin transformasiyası sammitində bir araya gələn dünya liderləri təhsilalanların uğur qazanmaları üçün gərəkli bilik və bacarıqlara yiyələnmələrini təmin etmək məqsədilə təhsil sistemlərini yenidən nəzərdən keçiriblər. 130-dan çox ölkə universal keyfiyyətli təhsili dövlət siyasəti və sərmayələrin əsas sütunu etmək öhdəliyini götürüb. Təhsil sərmayələri üzrə fəaliyyətə çağırış və Təhsil üçün Beynəlxalq Maliyyə Fondunun yaradılması milli və beynəlxalq maliyyələşdirməyə yeni impuls verdi. Həmçinin bu sammit böhran şəraitində təhsilə, qızların təhsilinə, təməl öyrənməyə, tədris metodlarının transformasiyasına, rəqəmsal alətlərə və yaşıl təhsil sistemlərinə dəstəyi səfərbər etmək üçün bir sıra qlobal təşəbbüslərə start verib. İndi isə bütün ölkələrin sammit zamanı götürdükləri öhdəlikləri bütün tələbələr üçün yararlı və inklüziv öyrənmə mühiti yaratmaq üçün konkret fəaliyyətlərə çevirmək vaxtıdır.
Baş katib vurğulayıb: “İndi, həmçinin təhsilə çıxışa mane olan və ayrı-seçkilik yaradan bütün qanunlar və praktikalara son qoymaq vaxtıdır. Mən, xüsusilə də Əfqanıstanın de-fakto rəhbərliyini qızların orta və ali təhsilə çıxışına qoyulmuş biabırçı və uğursuzluğa məhkum olan qadağanı aradan qaldırmağa çağırıram. Mən, həmçinin dünya ölkələrini 2023-cü il DİM Sammiti və 2024-cü ildə baş tutacaq Gələcəyin Sammitinə hazırlıq prosesində təhsili ön plana çəkməyə çağırıram. Ən əsası vətəndaş cəmiyyəti və gəncləri keyfiyyətli və inklüziv təhsil üçün daha çox sərmayənin yatırılmasına dair tələblərini davam etdirməyə çağırıram. Gəlin, dəyişikliklər məşəlinin sönməsinə imkan verməyək. Gəlin, dünyada bərabər cəmiyyətləri, dinamik iqtisadiyyatları və təhsil alan hər kəsin arzularını dəstəkləyə biləcək təhsil sistemləri yaradaq”.

Tehsil-press.az



Oxşar xəbərlər