UNESCO Təhsil Transformasiyası Sammitindən öncəki görüşə ev sahibliyi edir

UNESCO Təhsil Transformasiyası Sammitindən öncəki görüşə ev sahibliyi edir Parisdə UNESCO-nun mənzil-qərargahında Təhsil Transformasiyası Sammitindən (TES) öncə nazirlərin və maraqlı tərəflərin cəlb edilməsindən ibarət yüksək səviyyəli görüş işə başlayıb. Bu görüş sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasında keçiriləcək Təhsil Transformasiyası Sammitinə hazırlıq məqsədi daşıyır.
UNESCO-nun mənzil-qərargahında keçirilən sammitdən öncəki görüşdə Efiopiya və Sierra Leone dövlət başçıları, 140 təhsil naziri və müavinləri, UNESCO-nun Baş direktoru Odri Azule, Avropa İttifaqının beynəlxalq əməkdaşlıq üzrə komissarı Jutta Urpilainen, aidiyyətli təşkilatların nümayəndələri iştirak edirlər.
Azərbaycanı təmsil edən təhsil nazirinin müavini Muxtar Məmmədov görüşə onlayn qatılaraq çıxış edəcək. UNESCO yanındakı Azərbaycan Daimi Nümayəndəliyinin diplomatları da sammitdən öncəki görüşdə iştirak edirlər.
İyunun 30-dək davam edəcək iclasda tematik fəaliyyətlər üzrə texniki, eləcə də əsas maraqlı tərəflərlə görüşlər keçiriləcək. İclasın ümumi məqsədi təhsilin dəyişdirilməsi ilə bağlı müzakirələrdən istifadə etmək, sammitin ilkin məzmununu inkişaf etdirmək və sentyabr ayınadək bütün tərəflərə fəal olmaq üçün stimul verməkdir.
Bu yüksək səviyyəli görüş BMT Baş Katibi tərəfindən COVID-19 pandemiyasından sonra təhsil sistemlərində, xüsusilə də öyrənmə itkiləri ilə üzləşmiş, təcrid olunmuş tələbələrə yanaşma sahəsində ciddi dəyişiklik edilməsi məqsədi ilə çağırılıb.
Görüşdə pandemiya, iqlim dəyişikliyi və münaqişələr nəticəsində yaranan tarixi böhrandan qurtulmaq və məktəb, tədris, texnologiya və təhsilin maliyyələşdirilməsi ilə bağlı transformasiya xarakterli dəyişikliklər üçün imkanlar axtarılacaq.
Görüşdə transformasiyanın məktəblər, keyfiyyətli həyat boyu təhsil, müəllimlər, kommunikasiya və təhsilin maliyyələşdirilməsi kimi 5 əsas istiqaməti üzrə müzakirələr aparılacaq. Görüş hökumətlərin təhsilə xərclərinin öyrənmə sahəsində artan böhrana uyğun gəlmədiyi kritik vaxta təsadüf edir. Aşağı və aşağı orta gəlirli ölkələrin təxminən 40 faizi 2020-ci ildə pandemiyanın başlaması ilə təhsilə xərclərini azaldıb və real xərclərdə orta hesabla 13,5 faiz azalma müşahidə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər