ICESCO Beynəlxalq Təhsil Günü münasibətilə müraciət yayıb

ICESCO Beynəlxalq Təhsil Günü münasibətilə müraciət yayıb İslam Dünyası Elm, Mədəniyyət və Təhsil Təşkilatının (ICESCO) Beynəlxalq Təhsil Günü münasibətilə üzv ölkələrə müraciəti yayılıb.
Müraciətdə 2018-ci il dekabrın 3-də BMT Baş Assambleyası tərəfindən təsis edilmiş bu əlamətdar gündə insanların təhsil hüququnun təmin edilməsinin zəruriliyi cəmiyyət və hökumətlərə bir daha çatdırılır.
Müraciətdə qeyd edilir ki, BMT-nin 2030-cu ilədək İnkişaf Proqramının dördüncü əsas hədəfi olan təhsilin inkişafı İslam ölkələrində həmişəkindən daha aktualdır. Bu vəzifələrin yerinə yetirilməsi məqsədilə ICESCO 2020-2030-cu illər üçün hazırladığı strateji planı həyata keçirir. Planda İslam dünyasında innovativ və ən müasir tələblərə cavab verən təhsil sisteminin tətbiqi nəzərdə tutulur.
Eyni zamanda, bildirilir ki, strateji planın uğurla həyata keçirilməsi istiqamətində üzv ölkələrin Təhsil nazirlikləri ilə mütəmadi məsləhətləşmələr aparılır, birgə tədbirlər keçirilir. “ICESCO məmnunluqla qeyd edir ki, bir sıra ölkələrdə, o cümlədən İslam dövlətlərində nümunəvi təhsil modellərinin tətbiqi gələcəyə nikbin baxmağa əsas verir. Təşkilat inklüziv və bərabər əsaslarda təhsilin daha geniş yayılmasını dəstəkləyir. Eyni zamanda, bəzi ölkələrdə hökumətlərin pandemiya, təbii fəlakətlər, silahlı münaqişələr və qeyri-sabitlik səbəbindən təhsil üzrə öz vəzifələrini yerinə yetirə bilmədiyi faktları da mövcuddur”, -deyə müraciətdə vurğulanır.
Müraciətdə, həmçinin ICESCO-nun COVID-19 pandemiyası şəraitində həyata keçirdiyi tədbirlər sadalanır. Xüsusən qızların və qadınların təhsilə daha fəal cəlb olunması onların cəmiyyətdə rolunun artırılması məqsədilə təşkilat 2021-ci ili “Qadın İli” elan edib. Bundan başqa, dördüncü sənaye inqilabı dövründə yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə təhsildə süni intellektin tətbiqinə də xüsusi diqqət yetirilir.

Tehsil-press.az


Oxşar xəbərlər