Dünya ölkələri İranda Azərbaycan səfirliyinə terror hücumunu pisləyən bəyanatlar yayıblar

Dünya ölkələri İranda Azərbaycan səfirliyinə terror hücumunu pisləyən bəyanatlar yayıblar Dünya ölkələrinin xarici siyasət qurumları və rəsmi şəxsləri Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktını pisləyən bəyanatlarla çıxış ediblər.
Hadisə ilə bağlı xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri etiraz bəyanatları səsləndiriblər. Hadisəyə dərhal reaksiya verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xain hücumu pisləyərək Azərbaycanın heç zaman tək olmadığı mesajını verib: “Şəhid qardaşımıza Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı, yaralananlara tezliklə şəfa tapmalarını diləyirəm. Azərbaycan heç zaman tək deyil. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. Bundan əlavə, Mövlud Çavuşoğlu nazir Ceyhun Bayramova zəng edərək hadisəni müzakirə edib və bu hücumu bir daha qətiyyətlə qınayıb.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko diplomatik nümayəndəliklərə hücumları qəbuledilməz olduğunu bildirib və Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərlərin onu dəhşətə gətirdiyini yazıb.
Eynilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bu silahlı hücumdan şoka düşdüklərini qeyd edib. “Azərbaycan səfirliyinə növbəti hücum və mühafizə əməkdaşının qətlə yetirilməsi bizi şoka saldı. Azərbaycanlı həmkarlarımıza başsağlığı verir və onlara dəstəyimizi ifadə edirik”, - deyə Zaxarova vurğulayıb.
Türkiyə, Rusiya, Belarus, İsrail, Ukrayna, Gürcüstan, Səudiyyə Ərəbistanı, Slovakiya, Birləşmiş Ərəb Əmirlikləri, Moldova, Estoniya, Niderland, Misir, Özbəkistan, Şimali Kipr, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin Xarici İşlər nazirlikləri və rəsmi şəxsləri də diplomatik nümayəndəliyə silahlı hücumu pisləyən açıqlamalarla çıxış ediblər.
Bundan başqa, Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri də ölkəmizlə həmrəylik nümayiş etdirərək, həlak olan vətəndaşımızın ailəsinə başsağlığı veriblər. ABŞ, Əfqanıstan, İtaliya, İsrail, Belarus, İraq, Xorvatiya, Yaponiya, Polşa, Rusiya, Litva, Fələstin, Argentina, Mərakeş, Fransa, Böyük Britaniya səfirlikləri bu terror aktını beynəlxalq hüquq üçün təhdid adlandırıblar.
Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, həmçinin GUAM və Türk Dövlətləri Təşkilatı diplomatik missiyaya qarşı bu cinayəti qəti şəkildə qınadıqlarını açıqlayıblar.
Qeyd edək ki, yanvarın 27-də saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki əməkdaşı yaralanıb. Terror aktını törədən şəxs səfirliyin mühafizə əməkdaşı tərəfindən zərərsizləşdirilib və o, İran polisi tərəfindən həbs olunub.

Tehsil-press.az



Oxşar xəbərlər