UNEC Biznes Məktəbi ACCA akkreditasiyasını qazandı

UNEC Biznes Məktəbi ACCA akkreditasiyasını qazandı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) MBA proqramının mühasibat uçotu üzrə ixtisaslaşması 5 il müddətinə yenidən Beynəlxalq Mühasiblər Assosiasiyasının (IFAC) üzvü olan ACCA təşkilatında akkreditasiya edildi.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan keyfiyyət göstəricilərinin Avropa təhsil sistemlərinin standartlarına uyğunlaşdırılmasını təmin edən ACCA akkreditasiyasının əldə edilməsi nəticəsində MBA proqramının mühasibat uçotu ixtisaslaşması üzrə təhsil alan magistrantları ACCA kvalifikasiyası üzrə bütün fundamental fənlərdən (F1-F9) azad olunurlar.
ACCA akkreditasiyasının fundamental hissəsinin azad olmaq və bu kvalifikasiyanı əldə etmək üçün əmək bazarında fəaliyyət göstərən beynəlxalq institutlarda və peşəkar təlim mərkəzlərində ən azı 2 il vaxt və kifayət qədər investisiya tələb olunur.
UNEC Biznes Məktəbi ACCA akkreditasiyasını əldə etməklə, öz magistrantlarına ACCA sertifikatını qazanmaq üçün sərf olunan əlavə vaxt itkisindən və xərclərdən azad olunmaq imkanı yaradır. Yerli və transmilli şirkətlər, maliyyə institutları, müstəqil audit firmaları və konsaltinq xidməti göstərən şirkətlər həmin magistrantlara işə qəbul prosesində qeyd-şərtsiz üstünlük verirlər.
Qeyd edək ki, İngiltərədə yaradılan ACCA kvalifikasiyası maliyyə, uçot və audit sahələri üzrə beynəlxalq əmək bazarının tələblərini özündə əks etdirən peşəkar bilikləri, bacarıq və yenilikləri, o cümlədən iş etikasına və idarəetməyə xüsusi önəm verən beynəlxalq səviyyəli statusa malikdir.

Tehsil-press.az

Oxşar xəbərlər