ADPU-da “Heydər Əliyev dərsləri”

ADPU-da “Heydər Əliyev dərsləri” Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Tarix və coğrafiya fakültəsinin daha 100 tələbəsi üçün “Heydər Əliyev dərsləri” keçirilib.
Dərslərin əvvəlində tələbələrə mərkəz haqqında ümumi məlumat verilib. Bildirilib ki, bina 2007-ci ildə inşa edilərək müvafiq avadanlıqla təchiz olunub. Burada Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 181 kitab, 169 foto, 13 arxiv sənədinin surəti, 12 suvenir və digər eksponatlar toplanıb. Mərkəzin əsas vəzifəsi Ümummilli Liderə aid materialları sistemləşdirmək və nümayiş etdirmək, müxtəlif səpkili tədbirlər keçirməklə onun zəngin həyat yolunu, ideya-siyasi irsini və dövlətçilik təcrübəsini universitetin əməkdaşları, tələbələri, qonaqları və tərəfdaşlıq etdiyi ümumtəhsil məktəblərinin şagirdləri arasında təbliğ etməkdir.
Mərkəzdə hər il onlarca tədbir keçirilir. 2023-cü il “Heydər Əliyev İli” elan olunduğundan, il ərzində burada Ulu Öndərə həsr olunmuş çoxsaylı konfrans, seminar, dəyirmi masa, bilik yarışı və s. tədbirlər təşkil olunacaq.
Azərbaycan Respublikası Prezidentinin ötən il noyabrın 28-də imzaladığı Sərəncamla təsdiq edilmiş Tədbirlər Planına əsasən, 2023-cü ilin sonunadək keçirilməsi nəzərdə tutulan tədbirlərdən biri də “Heydər Əliyev dərsləri”dir. Martın 3-dən ADPU-nun Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə start verilən dərslərə indiyədək Tarix və coğrafiya fakültəsinin 7 qrupunun 200 nəfərədək tələbəsi cəlb olunub.
Dərslərdə “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda mühazirə ilə çıxış edən mərkəzin müdiri Tahir Süleymanov Ümummilli Liderin şəxsiyyəti, fəaliyyəti, ölkə və xalq qarşısındakı xidmətləri haqqında danışıb, 1969-2003-cü illər arasındakı 34 illik zaman kəsiyinin tarixçilər tərəfindən haqlı olaraq “Heydər Əliyev dövrü” adlandırıldığını qeyd edib.
Daha sonra mərkəzin əməkdaşı Ceyla Səmədzadə tələbələri eksponatlarla tanış edib, onlara Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verib.
Dərslər Heydər Əliyevə həsr olunmuş sənədli filmin və görkəmli şəxslərin Ümummilli Lider haqqında söylədikləri fikirləri əks etdirən slaydların nümayişi ilə davam edib, sual-cavab və müzakirələrlə yekunlaşıb.

Tehsil-press.az


Oxşar xəbərlər