Nurlana Əliyeva: Universitetin büdcəsinə əl atmamışam

Nurlana Əliyeva: Universitetin büdcəsinə əl atmamışam Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə Nurlana Əliyeva şahid qismində ifadə verib.
O bildirib ki, rektor olduğu vaxtda universitetin səfirliklərlə güclü əlaqələri olub. Onun sözlərinə görə, təmir zamanı universitetin muzeyi yaradılıb:
“Kembric və Oksford universitetləri ilə əlaqələr qurulub. Bir kompüteri belə olmayan universitetdə mənim dövrümdə bütün auditoriyalar kompüterlə təmin olundu”.
Nurlana Əliyeva qeyd edib ki, onun haqqında səsləndirilən ittihamlarla razı deyil:
“Mən heç vaxt universitetin büdcəsinə əl atmamışam. Dürdanə Əliyevanı tanımıram. Ödənişli əsaslarla təhsil alan bütün tələbələr təhsil haqqını verirdilər. Təhsil haqqı birbaşa sistemə otururdu. Nağd şəklində dekana pulun ödənilməsi faktı ilə qəti razı deyiləm. Pandemiya dövründə ödəmələr azaldı, çünki tələbələr onlayn şəkildə təhsil alırdılar. Mənim dövrümdə tələbə qəbulu artmağa başlayıb. Ola bilməz ki, bizdə tələbə təhsil haqqını ödəməməyə görə universitetdən qovulsun”.
Sabiq rektor deyib ki, tələbələrin təhsil haqlarını ödəyib-ödəməməsi ilə bağlı məlumatı dekan və mühasibatlıq şöbəsi bilib:
“Məhz mənim dövrümdə pandemiya səbəbindən 826 tələbə dövlət imtahanından, təcrübə qiymətlərindən azad olundu. 5 tələbə akademik imtahandan azad olundu. Dürdanə Əliyeva ilə aramda hər hansı bir pul razılaşması olmayıb. Mən universitetdən çıxana qədər 5 min tələbə təhsil alırdı. 200-ə qədər isə əlavə və qiyabi təhsil üzrə tələbə var idi”.
Təqsirləndirilən şəxsin vəkili isə bildirib ki, iş üzrə 123 tələbə 226 min 960 manat mülki iddia qaldırıb. Onun sözlərinə görə, 123 tələbədən 95-i məhkəmədə ifadə verib və bildirib ki, universitetin daxilində olan ödəmə terminalı işləməyib, bu səbəbdən onlar ödənişləri bir çox hallarda dekanlığa nağd şəkildə ödəyiblər.
Növbəti proses aprelin 10-da davam edəcək.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər