BSU tələbələri istehsalat təcrübəsinə başlayıb

BSU tələbələri istehsalat təcrübəsinə başlayıb Professor Nurlana Əliyeva:” Hər bir tələbə təhsil aldığı universitetin nüfuzunu qorumalıdır”
İyulun 4-də Bakı Slavyan Universitetinin ( BSU) Filologiya və jurnalistika, Beynəlxalq münasibətlər və tərcümə fakültələrində təhsil alan III kurs tələbələrinin yay istehsalat təcrübəsinə başlamaları münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bir ay müddətində ölkənin müxtəlif ümumtəhsil müəssisələrində təcrübə keçəcək tələbələrə tövsiyələr verib, onlara uğurlar arzulayıb: “Hər bir tələbə təhsil aldığı universitetin adını, imicini, nüfuzunu qorumalıdır. Elə qorumalıdır ki, onun şəxsində təmsil etdiyi universitetin bütün mənzərəsi aydın olsun. Etik davranışı, münasibəti ilə elə bir mövqedə dursun ki, azərbaycançılıq idealogiyasını özündə ehtiva edən gözəl bir gəncin obrazını yaratsın. Təcrübə keçdiyiniz müəssinin əməkdaşları şahid olsunlar ki, Bakı Slavyan Universitetinin gəncləri doğrudan da müasir gəncliyimizin adını qoruyan insanlardır. Bu şərəfi qorumaq hər birimizin borcudur. Bugünkü gəncliyimiz Vətənimizin gələcəyidir. O gələcəyin hansı səviyyədə olması sizin əlinizdədir”. Professor Nurlana Əliyeva Ulu öndər Heydər Əliyevin qoyub getdiyi milli-mədəni irsi davam etdirməyin hər bir Azərbaycan vətəndaşının qarşısında duran vacib vəzifə olduğunu vurğulayıb, tələbələri daim bu mövqedən çıxış etməyə dəvət edib.
Tədbirdə çıxış edən Beynəlxalq münasibətlər və tərcümə fakültəsinin dekanı, dosent Əsgər Əhməd, Təcrübə bölməsinin müdiri Yaqut Məmmədova, Filologiya fakültəsinin tərbiyə işləri üzrə dekan müavini Sevinc Musayeva tələbələri təcrübə müddətində fəal olmağa və işlərinə ciddi yanaşmağa çağırıb, öz tövsiyələrini veriblər.
Qeyd edək ki, Bakı Slavyan Universiteti üzrə ümumilikdə 400 nəfər (137 nəfər Filologiya və jurnalistika, 263 nəfər Beynəlxalq münasibətlər və tərcümə fakültələri üzrə) tələbə Azərbaycan Respublikası Milli Məclis Aparatı, Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Fondu, Mərkəzi Seçki Komissiyası kimi rəsmi dövlət qurumlarında, “AzərTac”, Azərbayca Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyəti və başqa aparıcı KİV orqanlarında, müvafiq elm və tədris mərkəzlərində yay istehsalat təcrübəsi keçəcək.

BSU-nun Mətbuat xidməti

Oxşar xəbərlər