AzMİU-da Yaşar Səmədovun fərdi sərgisi açılıb

AzMİU-da Yaşar Səmədovun fərdi sərgisi açılıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sərgi salonunda Təsviri incəsənət kafedrasının müəllimi rəssam Yaşar Səmədovun fərdi yaradıcılıq sərgisi açılıb.
Sərginin açılışında çıxış edən rektor Gülçöhrə Məmmədova Yaşar Səmədovun ömrünün çox hissəsini universitetdə keçirdiyini, qüvvəsini, enerjisini, istedadını gənc memarların yetişməsinə həsr etdiyini söyləyib. Rektor qeyd edib ki, Yaşar Səmədov bu illər ərzində özünün şəxsiyyəti, insanlara münasibəti ilə bütün kollektivin dərin hörmətini, məhəbbətini qazanıb.\
Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova və dekan müavini rəssam Həsən Həsənov da çıxışlarında Yaşar Səmədov yaradıcılığını yüksək qiymətləndiriblər.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev dostu Yaşar Səmədovun yaradıcılığından danışarkən onun rəsm əsərlərinin bir-birindən üslub və rəngarəngliyi ilə seçildiyini bildirib. O, Yaşarın əsərlərində məzmun və quruluş xüsusiyyətləri ilə insanı düşündürməyi bacaran, bu hadisələrə biganə qalmayan rəssam təxəyyülünün şahidi olduğunu vurğulayıb.
Sonda Yaşar Səmədov sərginin təşkilatçılarına minnətdarlığını bildirib.
Tədbir iştirakçıları Yaşar Səmədovun rəsm əsərləri ilə yaxından tanış olublar. Sərgidə müxtəlif janrlarda yağlı boya ilə çəkilmiş tablolar, boyakarlıq və qrafika üslubunda işlənmiş əl işləri təqdim edilib. İncəsənət nümunələrində Azərbaycanın əsrarəngiz təbiəti, mənəvi dəyərləri güclü rəng çalarları ilə, böyük ustalıqla təsvir olunub. Qrafika ustası Yaşar Səmədovun Təbriz və Qarabağ ünvanlı əsərləri hər kəsin zövqünü oxşayıb.
Əl işləri barədə rektoru və qonaqları məlumatlandıran Yaşar Səmədov rəsmlərin işlənmə texnikası və texnologiyası barədə geniş informasiya verib. Sərgi aprelin 30-na qədər davam edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər