BSU-da Balkanşünaslıq kafedrası açılır

BSU-da Balkanşünaslıq kafedrası açılır Bakı Slavyan Universitetinin (BSU) Elmi şurasının iclasında Balkanşünaslıq kafedrasının açılması ilə bağlı məsələ müzakirə olunub.
İclasda çıxış edən rektor Anar Nağıyev bildirib ki, BSU beynəlxalq münasibətlər və regionşünaslıq ixtisası üzrə yüksəkixtisaslı kadrların hazırlanması, müvafiq regionlar üzrə peşəkar mütəxəssislərin yetişdirilməsi məqsədilə Şərqi və Mərkəzi Slavyan ölkələri ilə yanaşı, Balkan ölkələri üzrə ixtisaslı kadrların hazrlanmasını həyata keçirən unikal ali təhsil müəssisəsidir. Buna görə də Humanitar və sosial elmlər fakültəsinin nəzdində fəaliyyət göstərən kafedraların bazasından istifadə etməklə, Balkanşünaslıq kafedrasının açılması qərara alınıb. BSU-da Balkan yarımadasını əhatə edən dövlətlərin, həmçinin yunan, türk, bolqar, çex, polyak və digər dillərin tədris olunduğunu deyən rektor qeyd edib ki, yeni kafedra gənc mütəxəssislərin hazırlanmasına, eyni zamanda, gələcəkdə həmin məzunların bu ixtisaslar üzrə tədris prosesinə cəlb olunmasına imkan yaradacaq. “Əminəm ki, bu, bizə gələcəkdə daha böyük regionu öyrənməyə imkan verəcək. Məqsəd sadəcə regionu öyrənmək deyil, həm də hazırladığımız kadrların geniş imkanlara sahib olmasıdır”, - deyə Anar Nağıyev qeyd edib.

Tehsil-press.az



Oxşar xəbərlər