BSU təmsilçiləri Slavyan universitetlərinin II Forumunda iştirak ediblər

BSU təmsilçiləri Slavyan universitetlərinin II Forumunda iştirak ediblər Bakı Slavyan Universiteti 26-28 aprel 2017-ci il tarixdə Kişinyovda Moldova Respublikası Slavyan Universitetinin təşkilatçılığı və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (МФГС) maliyyə dəstəyi ilə həyata keçirilən Slavyan Universitetlərinin II Forumunda nümayəndə heyəti ilə təmsil olunub. Tədbirdə Slavyan universitetləri ilə yanaşı, Rusiyanın bir sıra qabaqcıl universitetlərinin, Moldovanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Qüdsi Osmanov da iştirak edib.
Qeyd edək ki, Forumun keçirilməsində əsas məqsəd MDB ərazisində fəaliyyət göstərən Slavyan universitetlərinin Birlik ərazisində reallaşmaqda olan təhsil, “Şəbəkə universiteti”, o cümlədən ikili diplom layihələrinə daha sıx cəlb olunmaqdan, Slavyan universitetləri arasında mütəmadi olaraq informasiya-məlumat mübadiləsinin təmin edilməsindən, tələbə və müəllim mübadiləsi proqramlarının reallaşdırılmasından, fəaliyyət göstərdiyi ölkələrin şəraitinə uyğun bu tipli universitetlərin inkişaf perspektivlərinin müəyyən olunmasından və s. ibarətdir.
Plenar iclasda BSU-nun tədris işləri üzrə prorektoru, prof. Telman Cəfərov çıxış edərək “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təmsil etdiyi ali təhsil müəssisəsində həyata keçirilən layihə və islahatlar haqqında məlumat vermiş, ölkədə rusdilli təhsilin genişləndiyi və eləcə də Şərqi Avropa, Balkan ölkələri, yunan-slavyan dünyası ilə Azərbaycanın siyasi-diplomatik, humanitar əlaqələrinin və əməkdaşlığının möhkəmləndiyi bir şəraitdə Bakı Slavyan Universitetinin rolundan və əhəmiyyətindən danışıb.
“Bugünkü keyfiyyətli təhsil sabahın təhsilli elitasıdır” adlı Dəyirmi masada çıxış edən Pedaqoji fakültənin dekanı, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru prof. Flora Naciyeva BSU-da müxtəlif ixtisaslar üzrə pedaqoji kadr hazırlığı proqramları və təcrübəsindən, xarici universitetlərlə müştərək elmi nəşrlərlə bağlı layihələrdən danışmış, rəhbərlik etdiyi fakültədə “Xarici dil müəllimliyi (rus dili üzrə)” ixtisasında tədrisin xüsusiyyətləri, danışıq kurslarının təşkili barədə məlumat vermişdir.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin III kurs tələbəsi, fakültə TEC-in sədri Suqra Miralayeva müxtəlif nominasiyalar üzrə təşkil olunmuş müsabiqələrdə fəallıq göstərmiş, Forumda iştirak edən tələbələr adından “Sputnik Moldova” Teleradio Şirkətində və Mətbuat konfransında çıxış etmişdir.
O, “Ölkəmin gələcək müqəddəratı məndən də asılıdır” mövzusunda müsabiqədə iki nominasiya üzrə qalib olub.
Moldova Respublikasında Etnoslararası Münasibətlər Bürosunun binasında keçirilən Bağlanış mərasimində Azərbaycan təmsilçiləri büronun diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

BSU-nun Mətbuat Xidməti


BSU təmsilçiləri Slavyan universitetlərinin II Forumunda iştirak ediblər

BSU təmsilçiləri Slavyan universitetlərinin II Forumunda iştirak ediblər

Oxşar xəbərlər