Bakı Slavyan Universitetində Gənclər Günü qeyd olunub

Bakı Slavyan Universitetində Gənclər Günü qeyd olunub Fevralın 1-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Cümlə gənclər müştaqdır!” adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Universitetin tələbə ictimai təşkilatlarının təşəbbüsü ilə keçirilən tədbirdə rektor səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilib. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmanla həmin tarix Azərbaycan Gəncləri Günü elan edilib. Qeyd olunub ki, Ulu Öndərin gənclər siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdilər. BSU-nun məzunları onların sırasında Azərbaycanın bütövlüyü uğrunda canlarından keçməyə hazır olduqlarını sübut etdilər.
Vurğulanıb ki, Azərbaycan gəncliyi daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Ölkə rəhbərliyi elm, təhsil, mədəniyyət, idman sahələrində dövlət proqramları, layihələrlə gəncliyin inkişafına dəstək verir. Gənclərin dövlət idarəçiliyinə cəlb edilməsi diqqət mərkəzindədir. Universitetin məzunları həm respublikamızda, həm də xaricdə Azərbaycanın inkişafına, beynəlxalq nüfuzunun yüksəlməsinə öz töhfələrini verirlər.
Anar Nağıyev çıxışının sonunda BSU-nun tələbələrinə gənclər üçün yaradılmış əlverişli şəraiti düzgün qiymətləndirməyi və gələcəkdə Azərbaycanın hərtərəfli inkişafı naminə əzmlə fəaliyyət göstərməyi tövsiyə edib.
Tədbirdə çıxış edən tərbiyə işləri üzrə prorektor dosent Xanım Sultanova, Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının BSU üzrə ərazi ilk partiya təşkilatının sədri, Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Sevinc Axundova, Xarici dil müəllimliyi fakültəsinin tələbəsi Yəmən Həsənova, Magistrantlar şurasının sədri Əli İsmayılov, YAP-ın Nəsimi rayon təşkilatının BSU üzrə ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin ümumi koordinatoru, Humanitar və sosial elmlər fakültəsinin tələbəsi Tural Məmmədli müasir Azərbaycan gəncliyinin missiyası barədə fikirlərini bölüşüblər.
Sonda “Keçmişdən gələcəyə Azərbaycan gəncliyi” adlı videoçarx nümayiş etdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər