Narkotiklə mübarizə milli təhlükəsizlik məsələsidir - AzMİU-da maarifləndirici görüş

Narkotiklə mübarizə milli təhlükəsizlik məsələsidir - AzMİU-da maarifləndirici görüş Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) günümüzün ən böyük bəlası olan narkomaniyaya qarşı mübarizə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov çıxış edərək narkomaniya ilə mübarizə tədbirləri çərçivəsində universitetdə görülən işlərdən danışıb. Bayram Aslanov qeyd edib ki, narkotiklə mübarizə ölkəmizin milli təhlükəsizlik məsələsidir və gənclərin bu zərərli vərdişdən qorunması üçün universitetdə bundan sonra da maarifləndirmə işləri aparılacaq.
“Narkotizmlə mübarizə” İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə və eksperti Anar Sarıyev, videobloger Nail Kəmərli çıxışlarında narkotik vasitələrinin insan həyatına təsiri, ölkəmizdə narkomaniya və narkobiznesin qarşısının alınma yolları, gəncləri zərərli vərdişlərə, narkotik maddə istifadəçiliyinə cəlb edən əsas səbəblər barədə öz fikirlərini bölüşüblər. Onlar gəncləri narkotikdən uzaq olmağa, maariflənmə işində birgə fəaliyyətə səsləyiblər.
AzMİU-nun nəzdində İnşaat Kollecinin tərbiyə işləri üzrə direktor müavini Muxtar Həsənovun “Narkomaniya ilə mübarizədə informativ və məntiqi yanaşma” mövzusunda məruzəsi dinlənilib. O, narkotikdən istifadənin insan sağlamlığına zərəri barədə məlumat verib, gənclərə özlərini bu bəladan qorumağı, aldanmamağı, sağlam həyat tərzi keçirməyi məsləhət görüb.
Tədbirdə, həmçinin “ağ ölüm”ə qarşı ümummilli mübarizənin aparılmasının vacibliyinə toxunulub. “Ümid yeri” Reabilitasiya Mərkəzinin əməkdaşı və əvvəllər narkotik asılılığı olan yeniyetmə bu bəlanın dəhşətini öz həyat hekayələri ilə bir daha diqqətə çatdırıblar.
Sonda tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər