“TEKNOFEST-2023”də iştirak edən BDU-da komandalarının üzvləri ilə görüş

“TEKNOFEST-2023”də iştirak edən BDU-da komandalarının üzvləri ilə görüş Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin İstanbulda keçirilən “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında uğurla çıxış edən BDU komandalarının üzvləri ilə görüşü olub.
Görüşdə E.Babayev komanda üzvlərini festivalda I və III yeri tutaraq böyük qələbə qazanmaları münasibətilə təbrik edib, bunun Azərbaycanın və BDU-nun böyük uğuru olduğunu bildirib. Rektor diqqətə çatdırıb ki, bu hadisə BDU-nun və komanda üzvlərinin həyatında dönüş nöqtəsi, gələcək uğurların başlanğıcı sayıla bilər.
E.Babayev qalib layihələrin müəlliflik hüququnun qorunacağını və patent almaq üçün Əqli Mülkiyyət Agentliyinə müraciət ediləcəyini söyləyib.
Sonra “TEKNOFEST-2023”də iştirak edən BDU komandalarının üzvləri festival təəssüratlarını və qələbə sevinclərini bölüşüblər.
Qeyd edək ki, BDU-nun 4 komandası 6 layihə ilə "TEKNOFEST-2023"ün finalına çıxıb. Onlardan “BSU Creativity Workz” komandası “Driver’s Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)” layihəsi ilə festivalda “Ağıllı nəqliyyat” kateqoriyası üzrə 109 finalçı arasında I yerə, “Humantek” komandası isə “Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)” layihəsi ilə “Aqrar texnologiyalar” kateqoriyasında 73 finalçı arasında III yerə layiq görülüb.
Komandaların səfər xərclərinə “Bayramlı Group” MMC əlavə dəstək verib.

Tehsil-press.az


Oxşar xəbərlər