BDU-nun komandaları 6 layihə ilə “TEKNOFEST-2023”də təmsil olunur

BDU-nun komandaları 6 layihə ilə “TEKNOFEST-2023”də təmsil olunur Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət 4 komandası 6 layihə ilə Türkiyədə keçirilən “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalının final mərhələsində çıxış edir.
Festivalın bu gün başlayan final mərhələsində 2 kateqoriya üzrə (“Yaşıl texnologiyalar” və “Ağıllı nəqliyyat” kateqoriyaları) çıxış edəcək “BSU Creativity Workz” komandası “Driver’s Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)”, “REB-Pack (dörd fərqli təbii şərait və qaynaqdan (günəş, külək, alov və su axını) elektrik enerjisi əldə etməyə imkan verən bel çantası)”, “CMC-Vessel (ferromaqnit və fotokatalitik maddələrin istifadəsi əsasında dəniz suyunu avtomatik olaraq çirkləndiricilərdən təmizləyə biləcək robot)” adlı üç layihə ilə çıxış edəcək.
BDU-nun “Humantek” komandası “Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)”, “G-21” komandası “Zərərvericilərə qarşı dronlarla mübarizə (ultrasəs dalğaları şüalandıra bilən, termik kameralarla təchiz olunmuş dronlar vasitəsilə əkinçilikdə gəmiricilərə qarşı effektiv və təhlükəsiz mübarizə aparmağa imkan verən avtomatik sistem)”, “FALCON TECH” komandası isə “Qapalı məkanlarda yanğınları ilkin mərhələdə zərərsizləşdirən ağıllı robotun yaradılması (qapalı məkanlarda baş verən yanğınların ilkin mərhələdə tez bir zamanda müəyyən edilməsini və yanğın sahəsinin genişlənmədən söndürülməsini təmin edən robot)” adlı layihələrlə BDU-nu təmsil edəcəklər.
Qeyd edək ki, aprelin 27-də İstanbulda başlayan festival mayın 1-dək davam edəcək. Festivala dünyanın 107 ölkəsindən 154 mindən artıq komanda və 600 mindən çox iştirakçı qatılıb.

Tehsil-press.az


Oxşar xəbərlər