Gənc diplomatlar üçün “Xarici Siyasət Proqramı”nın iştirakçıları Naxçıvana səfər ediblər

Gənc diplomatlar üçün “Xarici Siyasət Proqramı”nın iştirakçıları Naxçıvana səfər ediblər ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə gənc diplomatlar üçün “Xarici Siyasət Proqramı”nın iştirakçıları Naxçıvan Muxtar Respublikasına səfər ediblər.
Diplomatları ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektorunun müşaviri, həmçinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva, bəhs edilən proqramın administratoru Çinarə Məmmədli və koordinatoru Leyla Həsənova, eləcə də XİN-in Kadrlar idarəsinin rəisi Raman Məmmədov və Təşkilati-nəzarət idarəsinin rəisi Həsən Məmmədzadə müşayiət ediblər.
Səfərin ilk günü əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi qoyublar. Sonra onlar Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüblər. XİN-də fəaliyyətinə yeni başlayan diplomatlara işlərində uğurlar arzu edən Fuad Nəcəfli onları Prezident İlham Əliyevdən Naxçıvanın inkişafı ilə bağlı aldığı göstərişlər barədə məlumatlandırıb.
Daha sonra iştirakçılar Heydər Əliyev muzeyi ilə tanış olublar.
Səfərin ilk günü Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsində keçirilən görüşlə davam edib. Görüş zamanı İdarənin rəisi Vüsal Ələkbərli qurumun fəaliyyəti ilə bağlı məlumat verib, diplomatları maraqlandıran sualları cavablandırıb.
Aygün Hacıyeva idarə əməkdaşlarını ADA Universitetinin və onun nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun fəaliyyət istiqamətləri və həyata keçirdiyi proqramlar barədə məlumatlandırıb.
Buradakı görüşü başa vuran iştirakçılar Naxçıvan Dövlət Universitetinə gedərək universitetin professoru Elman Cəfərlinin “Zəngəzur dəhlizi, Naxçıvana dəmir yolunun çəkilməsi və Qars müqaviləsinin tarixi” mövzusundakı mühazirəsini dinləyiblər.
Səfərin ikinci günü qonaqlar “Əshabi-Kəhf ziyarətgahı” dini mədəni abidə kompleksini ziyarət ediblər. Onlar, həmçinin Duzdağ Mədəni və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar.
Xatırladaq ki, İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən təşkil edilən gənc diplomatlar üçün “Xarici Siyasət Proqramı” çərçivəsində ötən ilin oktyabr ayından ümumilikdə otuz səkkiz diplomat intensiv təlimlərə başlayıb.
ADA Universitetinin professor-müəllim heyətinin, dövlət qurumlarının, yerli və xarici tədqiqat mərkəzlərinin təcrübəli əməkdaşları tərəfindən tədris edilən proqramın fərqli modulları diplomatlar üçün mühüm olan mövzuları əhatə edib. Bu mövzular diplomatiya tarixi, Xəzər hövzəsinin geosiyasi xarakteristikası, Azərbaycanın xarici siyasəti, qonşu ölkələrlə münasibətləri, danışıq aparmaq bacarıqları, habelə enerji məsələləri, beynəlxalq humanitar hüquq, beynəlxalq terrorizm ilə mübarizə və digər bir sıra vacib sahələri özündə cəmləşdirib.
Bununla yanaşı, gənc diplomatlara bədən dili, peşəkar və diplomatik ünsiyyət (networking), eləcə də təqdimat bacarıqları və diplomatik yazışma kimi praktiki mövzuları əhatə edən təlimlər keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər