Nüvə silahına qlobal xərclər 82,9 milyard dollara çatıb

Nüvə silahına qlobal xərclər 82,9 milyard dollara çatıb BMT-nin Cenevrə ofisində keçirilən mətbuat konfransında Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsi və Nüvə Silahlarının Sınaqlarının Qadağan Edilməsi Təşəbbüsünün (ICAN) əlaqələndiricisi Susi Snayder bu qurumun yeni hesabatının xülasəsini açıqlayıb.
Hesabatda nüvə silahına malik olan 9 ölkənin öz arsenallarını inkişaf etdirməyə davam etdiyi, habelə üç il dalbadal bu sahəyə ayrılan maliyyə vəsaitinin artdığı bildirilir.
ICAN-ın hesabatına görə, 2022-ci ildə nüvə silahlarına ayrılan vəsait 2021-ci il ilə müqayisədə 3 faiz artaraq 82,9 milyard dollara çatıb. ABŞ bu sahədə liderliyini davam etdirib və sözügedən sahəyə 43,7 milyard dollar xərcləyib. İkinci yerdə 11,7 milyard dollar vəsaitlə Çin, üçüncü yerdə isə Rusiya (9,6 milyard dollar) qərarlaşıb. Ayrılan maliyyə vəsaitində illik artımın həcminə görə Hindistan öndədir. Belə ki, bu ölkə ötən il nüvə silahlarına 21,7 faiz çox pul ayırıb. Ondan sonra gələn Böyük Britaniya isə bu məqsədlər üçün 11 faiz artıq vəsait ayırıb.
Hesabatda qeyd olunub ki, nüvə silahı istehsalçıları ötən il təqribən 16 milyard dollar məbləğində yeni kontraktlar imzalayıb, bunun qarşılığında isə ABŞ və Fransa hökumətlərinə lobbiçilik etmək məqsədilə 113 milyon dollar xərcləyib. Ümumilikdə, nüvə silahına malik ölkələrin 2040-cı ilədək bu şirkətlərlə 278,6 milyard dollarlıq kontraktları olduğu qeyd edilib.
Mətbuat konfransında çıxış edən ICAN-ın təmsilçisi qeyd edib ki, kütləvi qırğın silahlarına xərclənən pullar bir çox qlobal problemlərin həllinə yönəldilə bilərdi. O qeyd edib ki, nüvə silahlarının sayının artması heç də beynəlxalq təhlükəsizliyə töhfə vermir, əksinə, vəziyyəti daha da pisləşdirir. Eyni zamanda, Snayder diqqətə çatdırıb ki, indi maliyyə imkanları geniş olan bir çox sərmayəçi ölkələr bu silahları risk amili kimi qiymətləndirir və onlardan imtina edirlər.

Tehsil-press.az



Oxşar xəbərlər