Bill Qeyts "Məzun Günü"ndə gənclərə nələri tövsiyə etdi?

Bill Qeyts Məşhur milyarder Bill Qeyts heç vaxt bakalavr dərəcəsi almayıb. “Microsoft”-un əsasını qoymaq üçün tələbəsi olduğu Harvard Universitetini üç semestrdən sonra tərk edib.
“Universiteti yarımçıq tərk edən bir şəxs buraxılış günü haqqında nə bilir? Düzünü desəm, şəxsən mənim bu günlə bağlı təcrübəm çox azdır.
Bu günə hazırlaşarkən mən çox düşündüm ki, siz yeni məzunlar olaraq universitetdə əldə etdikləriniz təhsil sayəsində dünyaya necə təsir göstərə bilərsiniz. Bu, məni belə bir gündə almadığım məsləhətlər barədə düşünməyə məcbur etdi...”. B.Qeyts Şimali Arizona Universiteti tələbələrinin "Məzun Günü"ndə belə deyib.
“Sizin həyatınız bir səhnəli pyes deyil”
B.Qeyts əgər ali məktəbi bitirmiş olsaydı, Məzun günü eşitmək istədiyi 5 tövsiyəni Arizona Universitetinin məzunları ilə bölüşüb: “Yəqin ki, indi siz karyeranızla bağlı düzgün qərarlar vermək üçün böyük təzyiqlə üzləşirsiniz. Mən də tələbə ikən eyni təzyiqlə mübarizə aparmışam. 1975-ci ildə Microsoft-un həmtəsisçisi olanda düşünürdüm ki, ömrünün sonuna qədər orada işləyəcəm”.
O, bu məsələdə səhv etdiyinə görə özünü “xoşbəxt” hiss etdiyini vurğulayıb.
B.Qeyts uzun müddət “Microsoft”-da işləyib. 2000-ci ilə qədər şirkətin baş direktoru və 2014-cü ilə qədər Direktorlar Şurasının üzvü olub.
“Bu gün hələ də proqram təminatı üzərində işləyirəm, amma xeyriyyəçilik mənim daha çox bağlandığım işimdir” - deyən milyarder keçmiş həyat yoldaşı Melinda French Qeyts ilə birlikdə qurduğu “Bill və Melinda Qeyts Fondu”ndakı işinə istinadən söyləyib.
Ona aid internet səhifəsindəki məlumata görə, 2000-ci ildən fond iqlim dəyişikliyi, gender bərabərliyi və səhiyyə kimi qlobal problemlərə xüsusi diqqət yetirərək bu istiqamətlərə qrant şəklində 65,6 milyard dollar vəsait ayırıb.
B.Qeyts məzunlara müraciətində bildirib ki, hədəfləriniz təsəvvür etdiyiniz şeylərlə üst-üstə düşməsə də, özünüzü və məqsədlərinizi həddən artıq qiymətləndirmək yaxşıdır:“Sabah və ya növbəti on il ərzində etdikləriniz əbədi olaraq etdiyiniz şey olmamalıdır”.
“Siz heç də hər vaxt çox ağıllı olmursunuz”
Hətta çoxtrilyonlu şirkətin həmtəsisçisi də hər gün yeni bir şey öyrənəcək. B.Qeyts kolleci tərk edəndə hər şeyi bildiyini düşünürdü. Nəhayət, o başa düşüb ki, “yeni bir şey öyrənmək üçün ilk addım bilmədiyiniz şeylərə söykənmək, bildiklərinizə diqqət yetirməkdir”.
B.Qeyts tələbələrə də bunu etməyi məsləhət görüb:“Karyeranızın bir anında özünüz həll edə bilməyəcəyiniz bir problemlə üzləşəcəksiniz. Bu, baş verəndə çaxnaşmaya düşməyin, rahat nəfəs alın. Özünüzü düşünməyə məcbur edin. Sonra da öyrənə biləcəyiniz ağıllı insanları tapmağa çalışın".
Bu ağıllı insanları iş yerində, peşəkar şəbəkələrin saytlarında və ya həmkarlarınızın arasında tapa bilərsiniz. Onun məsləhəti: “İnsanlar sizə kömək etmək istəyirlər. Əsas odur ki, soruşmaqdan qorxmayın”.
"Problemi həll edən işə can atın"
B.Qeyts 2022-ci ildə ən böyük tanınmış xeyriyyə ianəsinə görə daha da məşhurlaşıb. Xeyriyyəçilik sahəsində işləri dəstəkləmək üçün “Qeyts Fondu”na öz sərvətindən 5 milyard dollar bağışlayıb. Təəccüblü deyil ki, o, tələbələri başqalarına kömək etmək üçün imkanlardan istifadə etməyə təşviq edib:”Siz ali məktəbi insanlara kömək etmək üçün böyük fürsət zamanı bitirirsiniz. Hər gün yeni sahələr və şirkətlər meydana çıxır ki, bu da dünyanı yaxşılığa doğru dəyişərək pul qazanmağınıza imkan verir. Elm və texnologiyadakı nailiyyətlər isə əvvəllər olduğu kimi böyük nəticələr əldə etməyi asanlaşdırıb".
B.Qeytsin sözlərinə görə, imkanlar hüdudsuzdur:”Tələbələr iqlim dəyişikliyi ilə meşəçi kimi mübarizə apara bilərlər və ya insanlara proqramçı kimi süni intellektdən faydalanmağa kömək edə bilərlər.
Günlərinizi böyük bir problemin həlli üçün bir şey etməyə sərf etdiyiniz zaman, işinizi ən yaxşı şəkildə yerinə yetirmək üçün sizə enerji verir. Bu, sizi daha yaradıcı edir və həyatınıza daha güclü bir məqsəd hissi qatır".
“Dostluğun gücünü qiymətləndirməkdən çəkinməyin”
B.Qeyts tələbəlik dövründə onu ən çox təəssüfləndirən bir məsələ barədə sonralar 2018-ci ildə Harvard tələbələrinə deyib: “Tələbəlik dövründə kifayət qədər ünsiyyət yoxdur. Mən vaxtımın çoxunu auditoriyalarda tədrisə ayırırdım, ətrafındakılarla dostluq münasibətləri qurmağa isə az vaxt sərf edir, və ya az yer ayırırdım.”
B.Qeyts Arizona Universitet məzunlarına ali məktəbdə qurduqları əlaqələri dəyərləndirməyi davam etmələrini məsləhət görüb:“Söhbət etdiyiniz və mühazirələrdə yan-yana oturduğunuz insanlar yalnız tələbə yoldaşlarınız deyil. Onlar sizin şəbəkənizdir, gələcək həmtəsisçiləriniz və həmkarlarınızdır. Ən yaxşı dəstək, məlumat və məsləhət mənbələrinizdir. Bu gün səhnəyə çıxdığınızda ən dəyərli olan yeganə şey səhnəyə kiminlə çıxmağınızdır”.
B.Qeytsin ən köhnə dostlarından bəziləri onun həyatında həlledici rol oynayıblar. “Məktəbdə oxuyanda elmi fantastika romanları və kompüter jurnalları kimi bir çox maraqlarımı bölüşən başqa bir şagirdlə dost oldum. Bu dostluğun nə qədər vacib olduğunu bilmirdim. Dostumun adı Paul Allen idi və biz birlikdə “Microsoft”-u yaratdıq. Onun kollec dostlarından biri olan Stiv Balmer “Microsoft”-un baş direktoru vəzifəsində onun varisi oldu”.
B.Qeyts hətta ən yaxşı məsləhətin dostluqla bağlı olduğunu söyləyib. O. karyerasının başlanğıcından ən yaxşı məsləhətləri köhnə dostu və milyarder həmkarı Uorren Baffetdən alıb.
“Sonda dostlarınızın həqiqətən sizin haqqınızda necə düşündükləri və bu dostluğun onlar üçün nə qədər güclü olduğunu düşünmələri də əhəmiyyətlidir”- deyə B.Qeyts dostu U.Baffetin bu sözlərini məzunlara xatırladıb.
"Bir az istirahət et…sən buna layiqsən "
“Çox çalışmaq əməkhaqqının artmasına və ya karyera yüksəlişinə səbəb ola bilər, ancaq bunu həyatınızın hesabına etməməlisiniz”. B.Qeyts bu dərsi çox gec öyrəndiyini bildirib:”Sizin yaşınızda olanda tətillərə inanmırdım. Həftəsonu nə olduğunu bilmirdim. Ətrafımdakı hər kəsi çox uzun saatlar işləməyə məcbur etdim. “Microsoft”-un ilk günlərində ofisim dayanacağa baxırdı və mən kimin tez çıxıb, kimin gec getdiyini izləyirdim…
Ancaq yaşlandıqca və xüsusən də ata olandan sonra anladım ki, həyatda işləməkdən daha çox şey var. Bu dərsi öyrənmək üçün mənim gözlədiyim qədər gözləməyin. Münasibətlərinizi inkişaf etdirmək, uğurlarınızı qeyd etmək və itkilərinizi bərpa etmək üçün vaxt ayırın. Lazım olduqda fasilə verin. Ətrafınızdakı insanlarla da ehtiyac duyduqları zaman onlarla rahat davranın”.
B.Qeyts daha sonra əlavə edib: “2023-cü il, gələcək sizə aiddir. İnanıram ki, siz iqlim böhranını həll edəcək və varlı ilə yoxsul arasındakı uçurumu azaldacaqsınız. Siz həqiqətən görünməmiş vaxtlarda universitet təhsili alaraq tarix yazmısınız. Şübhə etmirəm ki, siz ömrünüz boyu tarix yazmağa davam edəcəksiniz. Mən sizin dünyada tərəqqiyə necə təkan verəcəyinizi görmək üçün səbirsizlənirəm. Bu əlamətdar mərhələyə çatmağınız münasibətilə sizi təbrik edirəm”.

Oruc MUSTAFAYEV


Oxşar xəbərlər