Bu il BDU-nun “SABAH” qruplarını 268 məzun bitirir

Bu il BDU-nun “SABAH” qruplarını 268 məzun bitirir Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarında 2022-2023-cü dərs ilində 9 ixtisas (psixologiya, hüquqşünaslıq, kompüter elmləri, coğrafiya müəllimliyi, fizika müəllimliyi, biologiya müəllimliyi, tarix müəllimliyi, riyaziyyat müəllimliyi, kimya müəllimliyi), 32 qrup üzrə 822 tələbə təhsil alıb.
Azərbaycanın 10 ali təhsil müəssisəsindəki “SABAH” qrupları arasında ən çox ixtisas və tələbə sayı məhz Bakı Dövlət Universitetindədir. Bu tədris ilində BDU-nun “SABAH” qruplarını 268 məzun bitirir.
Ümumilikdə son 7 ildə BDU-nun “SABAH” qruplarından 1643 tələbə məzun olub. Ötən il “SABAH” məzunlarından 117 nəfəri Azərbaycanda, 17 nəfəri isə xaricdə magistraturaya daxil olub. “SABAH” qrupunun ötənilki məzunlarından 46 nəfəri yerli və xarici doktoranturalarda təhsil alır.
Qeyd edək ki, “SABAH” ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə 2013/2014-cü tədris ilində yaradılıb.

Tehsil-press.az


Oxşar xəbərlər