Təhsil sistemində data analitikası əsaslı qərar vermə mexanizmləri yaradılır

Təhsil sistemində data analitikası əsaslı qərar vermə mexanizmləri yaradılır Data analitikası və təhsil tədqiqatları üzrə işçi qrupunun ilkin görüşləri keçirilib. Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsi (AzMKÇ) 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” texniki yardım layihəsi çərçivəsində Data analitikası və təhsil tədqiqatları üzrə işçi qrupu yaradılıb.
Görüşün ilk günündə direktor Rüfət Əzizov layihənin və işçi qrupunun məqsədləri ilə bağlı danışıb. Direktor institut və ümumilikdə təhsil sahəsində fəaliyyət göstərən müəssisələrin data təhlili və istifadəsi ilə bağlı mövcud təcrübəsi, üzləşdiyi çətinliklər və inkişafa ehtiyac duyulduğu sahələr barədə məlumat verib. Layihənin komanda rəhbəri Rainer Gerke və üçüncü komponentin əsas eksperti Boris Curkovic layihədən gözləntilər və görüşlər barədə məlumat verib.
İki gün ərzində siyasət təhlili və tədqiqat metodologiyaları, data analitikası barədə giriş sessiyaları keçirilib, eyni zamanda, qrupun təlim ehtiyaclarının təhlili və təklif olunan potensialın artırılması təlim proqramı təqdim olunub. Tədbir günlərində, həmçinin qrup işləri təşkil olunub və Azərbaycanda mövcud təhsil siyasətləri, data analitikası ilə bağlı mövcud vəziyyət, sübut əsaslı siyasətin formalaşdırılması, təhsildə data analitikası strategiyası, peşəkar inkişaf və fərdi öyrənmə planları və aparılacaq tədqiqat layihələri ilə bağlı müzakirələr aparılıb. Təlimçi qismində, eyni zamanda, layihənin digər ekspertləri olan Srdjan Verbic, Maja Jukic və Mehparə Əhmədova iştirak edib.
Data analitikası və təhsil tədqiqatları işçi qrupunun təlim proqramları çərçivəsində minimum 180 saat olmaqla 10 təlim sessiyalarının keçirilməsi planlaşdırılır. Təlimlərin keçirilməsində əsas məqsəd data analitikasının əsas anlayışlarını və qərar qəbuletmə prosesində onun əhəmiyyətini mənimsəmək, siyasət təhlili və tədqiqat metodologiyalarından səmərəli istifadə etməklə təlim iştirakçılarının potensiallarının gücləndirilməsindən ibarətdir. Yeni bilik və bacarıqların əldə edilməsinin nəticəsi olaraq, data analitikası üzrə strategiyanın yaradılması və müxtəlif mövzularda qrup şəklində təhsil tədqiqatları aparılması da nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər