Xəzər Universitetində “MicroMaster” proqramı üzrə sənəd qəbulu davam edir

Xəzər Universitetində “MicroMaster” proqramı üzrə sənəd qəbulu davam edir Xəzər Universitetinin İqtisadiyyat və biznes yüksək təhsil fakültəsində ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) İqtisadiyyat departamenti tərəfindən keçiriləcək “Data, iqtisadiyyat və inkişaf siyasəti” (Data, Economics and Development Policy (DEDP) “MicroMaster” proqramı üzrə təhsil almaq istəyənlər üçün sənəd qəbulu aparılır.
Proqram ölkə inkişafının üzləşdiyi aktual sosial-iqtisadi problemlərin həlli naminə ehtiyac duyulan analitik bacarıqlar, xüsusilə data əsaslı analizlərin aparılması üzrə ixtisaslaşan yeni nəslin formalaşmasını hədəfləyir.
Proqram bu il avqustun 1-dən 2023–cü il aprelin 30-dək keçiriləcək. Proqramda iştirak üçün 20 tələbə seçiləcək. Seçim prosesi mərhələli şəkildə ingilis dili və riyaziyyatdan test imtahanı, sonda isə müsahibə əsasında aparılacaq.
Dərslər MIT Universitetinin müəllimləri (Nobel mükafatçıları daxil olmaqla) tərəfindən onlayn formatda keçiriləcək. Tələbələrin mürəkkəb nəzəri və praktiki məsələləri daha yaxşı qavraması üçün Xəzər Universitetinin müəllimləri tərəfindən həftəlik köməkçi (fasilitasiya) dərslər təşkil ediləcək.
Proqramla bağlı bütün xərclər SOCAR və onun “Cənubi Qafqaz Boru Kəməri Şirkəti”ndəki (CQBK) tərəfdaşları tərəfindən tam qarşılanacaq.
İqtisadiyyat, ekonometrika, statistika, Data analitikası, riyaziyyat, fizika, mühəndislik, maliyyə və digər əlaqədar sahələr üzrə minimum bakalavr təhsilli şəxslər müraciət edə bilərlər. Proqram üzrə seçilmiş tələbələr bu ilin sentyabr ayı ərzində Xəzər Universitetində yerli professor-müəllim heyəti tərəfindən keçiriləcək riyaziyyat (calculus) və statistika fənləri üzrə hazırlıq dərslərində iştirak edəcəklər. Oktyabr ayından MIT Universitetinin müəllimləri mikroiqtisadiyyat, sosial elmlər üçün data analitikası, inkişaf siyasətinin əsasları, ali inkişaf iqtisadiyyatı, təsadüfi (randomized) qiymətləndirmələrin dizaynı və tətbiqi, siyasi iqtisad və iqtisadi inkişaf fənlərini onlayn şəkildə tədris edəcəklər.
Proqramı uğurla bitirən tələbələr DEDP “MicroMaster” proqramı üzrə fənn krediti və sertifikat qazanacaqlar.
Müraciətlər iyunun 25-dək davam edəcək.
Ətraflı məlumat üçün https://micromasters.mit.edu/dedp/ linkinə daxil olmaq mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər