Dillər Universitetində ənənəvi Çin təbabətinə dair mühazirə oxunub

Dillər Universitetində ənənəvi Çin təbabətinə dair mühazirə oxunub Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutunun yay onlayn lektoriya fəaliyyəti çərçivəsində Çin Həkimlər Gününə həsr olunmuş “Çin xəttatlıq sənəti art-terapiyası” mövzusunda mühazirə oxunub.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ənənəvi Çin təbabətində xəttatlıq art-terapiyasının əhəmiyyətindən, Çin kalliqrafik janrlarından və texnikalarından psixoterapevtik məqsədlər üçün istifadənin xüsusiyyətlərindən danışıb. O qeyd edib ki, Çin xəttatlığı artan diqqət, konsentrasiya tələb edir və həm bədən funksiyalarını, həm də zehni və idrak fəaliyyətini əhatə edir.
Xəttatlıq dərsləri zamanı insanın rahat vəziyyəti və emosional sakitliyi ürək-damar sisteminin işinə, vizual diqqətə, məkan qavrayış sürətinə, mücərrəd təfəkkürə, qısamüddətli və obrazlı yaddaşın yaxşılaşmasına müsbət təsir göstərir.
R.Abbasov onu da qeyd edib ki, ənənəvi Çin təbabətində autizm, diqqət çatışmazlığı, hiperaktivlik, Alzheimer xəstəliyindən əziyyət çəkən xəstələrdə davranış pozğunluqları, həmçinin depressiya və nevrozların müalicəsində xəttatlıq art-terapiyasından istifadə edilir. R.Abbasov Dillər Universitetində Çinin ənənəvi tibb sahəsi üzrə mütəxəssislərin keçirdiyi məsləhətləşmələrdən, tibb sahəsində Azərbaycan-Çin əməkdaşlığından,ölkəmizdə COVID-19-la mübarizədə bilavasitə çinli həkimlərin köməyindən danışıb. O, həmçinin xatırladıb ki, bu əməkdaşlığın əsası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin tarixi səfəri zamanı imzalanmış Çin Xalq Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında sazişlə qoyulub.

Tehsil-press.az



Oxşar xəbərlər