Qərbi Balkan ölkələri Aİ-yə inteqrasiyanı müzakirə ediblər

Qərbi Balkan ölkələri Aİ-yə inteqrasiyanı müzakirə ediblər Qərbi Balkan ölkələrinin liderləri Avropa İttifaqına (Aİ) inteqrasiya prosesini müzakirə ediblər.
Şimali Makedoniyanın paytaxtı Skopyedə “Brdo-Briyoni” Prosesi çərçivəsində Qərbi Balkan ölkələrinin liderlərinin sammiti keçirilib. Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, Sloveniya Prezidenti Nataşa Pirts Musara və Xorvatiya Prezidenti Zoran Milanoviçin ev sahibliyi etdiyi toplantıya Serbiya Prezidenti Aleksandar Vuçiç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç, Monteneqro Prezidenti Yakov Milatoviç, Albaniya Prezidenti Bayram Beqay və Kosovo Prezidenti Vyosa Osmani qatılıb.
Sammitdə regional əməkdaşlığın gücləndirilməsi, Avropaya inteqrasiya, iqlim dəyişikliyi və gənclərin miqrasiyası kimi məsələlər müzakirə edilib. Toplantı çərçivəsində liderlərin ikitərəfli görüşləri də olub.
Qeyd edək ki, “Brdo-Briyoni” Prosesi 2013-cü ildə Aİ-nin genişlənmə prosesini müzakirə etmək, region ölkələri arasında mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparmaq, regionun bütün ölkələrinin marağı çərçivəsində iqtisadi və infrastruktur prioritetlərini müəyyən etmək üçün Sloveniya və Xorvatiyanın təşəbbüsü ilə başlayıb. Proses Cənub-Şərqi Avropa ölkələri ilə Avropa İttifaqına üzv dövlətlər arasında ən yüksək səviyyəli qeyri-rəsmi dialoq platforması hesab olunur.

Tehsil-press.az



Oxşar xəbərlər