İtaliyanın sabiq Prezidenti Corcio Napolitano ilə vida mərasimi keçirilir

İtaliyanın sabiq Prezidenti Corcio Napolitano ilə vida mərasimi keçirilir İtaliya Deputatlar Palatasında sabiq Prezident Corcio Napolitano ilə vida mərasimi başlayıb.
Mərasimdə mərhumun ailə üzvləri, İtaliya Prezidenti Sercio Mattarella, Baş nazir Ciorcia Meloni, Senatın sədri İqnazio Benito Maria La Russa, Deputatlar Palatasının sədri Lorenzo Fontana, eləcə də İtaliya siyasi elitasının nümayəndələri, sabiq Baş nazirlər və siyasətçilər iştirak edirlər. Mərasimə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Fransa Prezidenti Emmanuel Makron, həmçinin digər ölkələrdən rəsmilər, dövlət və hökumət başçıları qatılıblar.
İtaliyanın sabiq Baş naziri Culiano Amato, Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti kardinal Canfranko Ravazi və başqaları çıxış edərək görkəmli dövlət xadimi Corcio Napolitanonun xatirəsinə ehtiramlarını bildiriblər. Vida mərasimi “Rai 1” telekanalı və Parlament meydanında quraşdırılan böyük monitorlardan canlı yayımlanır.
Sabiq Prezident Romadakı qeyri-katolik qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, sentyabrın 26-sı İtaliyada milli matəm elan olunub.
98 yaşında vəfat edən Corcio Napolitano İtaliyanın 11-ci Prezidenti olub. O, ölkə tarixində iki dəfə prezident seçilən yeganə dövlət başçısı idi. Napolitano ilk dəfə 2006-cı ildə, ikinci dəfə 2013-cü ildə prezident seçilib və 7 illik səlahiyyət müddətini başa vurmadan 2015-ci il yanvarın 14-də istefa verib. O, İtaliyanın fəxri Prezidenti, 2015-ci ildən isə ömürlük senator idi.

Tehsil-press.az




Oxşar xəbərlər