AMEA və Rusiya Tərcümə İnstitutu arasında elmi-ədəbi əlaqələr müzakirə olunub

AMEA və Rusiya Tərcümə İnstitutu arasında elmi-ədəbi əlaqələr müzakirə olunub AMEA-nın prezidenti akademik İsa Həbibbəyli IX Beynəlxalq Kitab Sərgisində iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Rusiya Tərcümə İnstitutunun rəhbərliyi ilə görüşüb.
Görüşdə akademik İsa Həbibbəyli Azərbaycanla Rusiya arasında elmi-ədəbi əlaqələrin tarixindən, AMEA-nın elmi-tədqiqat istiqamətlərindən söz açıb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən şöbələrdə aparılan araşdırmalardan danışan İsa Həbibbəyli ədəbiyyatların təbliği və tədqiqi istiqamətində qarşılıqlı elmi-ədəbi əlaqələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb, həmçinin elmi və elmi-kütləvi nəşrlərin mübadiləsinə diqqət yetirilməsinə toxunub.
Rusiya Tərcümə İnstitutunun icraçı direktoru Yevgeni Rezniçenko rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, beynəlxalq səviyyədə həyata keçirilən layihələri barədə söz açıb. Elmi-ədəbi əsərlərin dünya dillərinə tərcüməsi və yayılması təcrübəsindən danışan institut rəhbəri Azərbaycanla əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətinə toxunub.
Yevgeni Rezniçenko yeni nəşr etdikləri MDB ölkələri yazıçılarının əsərlərindən, o cümlədən müasir Azərbaycan ədəbiyyatının nümunələrindən ibarət üçcildlik antologiyaları İsa Həbibbəyliyə hədiyyə edib. Qeyd edək ki, “Nəsr” cildinin “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir.
Görüşdə Moskvada yaşayan həmvətənimiz - yazıçı, filologiya elmləri doktoru, professor Abuzər Bağırov, Tərcümə İnstitutunun proqram direktoru Nina Litvinets və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə, dosent Ağahüseyn Şükürov da iştirak edib, fikir mübadiləsi aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər