Rəqəmsal iqtisadiyyata həsr olunan III beynəlxalq elmi konfrans keçirilib

Rəqəmsal iqtisadiyyata həsr olunan III beynəlxalq elmi konfrans keçirilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda III beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Tədbirdə çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov hər il keçirilən bu konfransda rəqəmsal iqtisadiyyat, eləcə də ali təhsilin rəqəmsallaşdırılması ilə bağlı aktual mövzuların müzakirə olunduğunu bildirib. Ali təhsilin rəqəmsallaşmasının zəruriliyini və qaçılmazlığını vurğulayan rektor UNEC-in rəqəmsal universitetə çevrildiyini diqqətə çatdırıb. O, ötən tədris ilindən fənlərin XXI əsrin bacarıqlarına əsaslanan, yəni adaptiv, çevrilmiş təhsil metodları ilə aparıldığını, bu istiqamətdə yeniliklərin tətbiqinin davam etdirildiyini deyib.
Rektor ali təhsilin rəqəmsallaşdırılması ilə bağlı açıq müzakirələrin aparılmamasının cəmiyyətdə yanlış fikirlərin yaranmasına şərait yaratdığını söyləyib və təhsil məsələlərinin maraqlı tərəflərlə müzakirə olunmasının vacibliyini vurğulayıb. Ə.Muradov yeni ali təhsil modelini rəqəmsal bacarıqlara, adaptiv və çevrilmiş təhsil metoduna, XXI əsrin bacarıqlarına və layihə əsaslı təhsilə keçiddə gördüyünü söyləyib.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli rəqəmsal iqtisadiyyata keçid istiqamətində qarşıda duran vəzifələrdən və gözlənilən müsbət nəticələrdən danışıb. Ölkədə dayanıqlı inkişafı təmin etmək məqsədilə Azərbaycanın yeni nəsil iqtisadiyyatı strategiyasının hazırlandığını deyən nazir müavini bu strategiyanın biznes transformasiyasının gücləndirilməsinə, 4Sim texnologiyalarının geniş tətbiqini nəzərdə tutan model müəssisələrin və texnomərkəzlərin aranmasına geniş zəmin yaradacağını deyib. O, konfransın ölkədə rəqəmsal iqtisadiyyat mühitinin formalaşdırılmasına mühüm töhfələr verəcəyindən əminliyini ifadə edib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov rəqəmsal iqtisadiyyat sahəsindəki qlobal tendensiyalardan, bu istiqamətdə dövlət qurumlarının üzərinə düşən vəzifələrdən, eləcə də ali təhsil müəssisələrində yaradılan innovasiya mərkəzlərinin fəaliyyətindən söz açıb. Bildirib ki, agentliyin dəstəyilə 2023-2024-cü illər üzrə UNEC-in tələbə və məzunları tərəfindən ekosistemə töhfə verən 20-dən çox startap yaradılıb. Hazırda UNEC ən aktiv innovasiya fəaliyyətinə malik universitetdir.
Konfransda, həmçinin 4SİM-in icraçı direktoru Fariz Cəfərov, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov çıxış ediblər.
Çıxışlarda rəqəmsallaşmanın iqtisadi proseslərə müsbət təsirindən, idarəetmə, xidmətlərin göstərilməsi və gündəlik həyatda müasir texnologiyaların tətbiqi trendlərindən danışılıb. Eyni zamanda, Dördüncü Sənaye İnqilabı texnologiyalarının insanların təhsilinə və öyrənmə davranışlarına, ödəniş formalarına, ümumi məlumat mübadiləsinə, eləcə də dövlət xidmətlərindən istifadəsinə təsirləri qeyd olunub. Həmçinin rəqəmsal iqtisadiyyatın formalaşması və inkişafı ilə bağlı elmi-nəzəri biliklərə əsaslanan kompleks proqramların hazırlanmasının vacibliyi vurğulanıb.
Beynəlxalq konfrans rəqəmsal iqtisadiyyatın müasir çağırışlarına həsr olunan mövzular barədə plenar iclaslarla davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər