“Heydər Əliyev ideyaları: bütöv Azərbaycan və dayanıqlı inkişaf” - elmi-praktik konfrans

“Heydər Əliyev ideyaları: bütöv Azərbaycan və dayanıqlı inkişaf” - elmi-praktik konfrans Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev ideyaları: bütöv Azərbaycan və dayanıqlı inkişaf” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin BDU-nun əsas tədris binasında yerləşən büstü önünə gül dəstələri qoyublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Konfransın açılış mərasimində çıxış edən BDU-nun Coğrafiya fakültəsinin dekanı professor Məqsəd Qocamanov bu gün sürətlə inkişaf edən Azərbaycanın dünya ölkələri sırasında əhəmiyyətli yer tutduğunu bildirib: “Bugünkü Azərbaycanın bünövrəsində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət və Prezident İlham Əliyevin həmin siyasəti uğurla davam etdirməsi dayanır. İllər keçdikcə Ümummilli Liderin böyüklüyü və bitib-tükənməyən irsi, onun Azərbaycan tarixində yeri və rolu, xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti daha dərindən dərk olunacaq”.
Məqsəd Qocamanov, həmçinin bir alim və mütəxəssis kimi yetişməsində Ümummilli Lider Heydər Əliyevin verdiyi dəstəkdən, onun tapşırığı ilə müsabiqədənkənar Moskvaya təhsil almağa göndərildiyindən, onunla bağlı xatirələrindən danışıb.
BDU-nun professoru, fəlsəfə elmləri doktoru İzzət Rüstəmov Heydər Əliyevin rəhbərliyi altında çalışdığı illərdən və Ulu Öndərlə dünyanın bir çox ölkələrinə olan rəsmi səfərlərindən, xatirələrindən danışıb. Professor Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Plenar iclasda “Müstəqil dövlətimizin banisi”, “Regionların sosial iqtisadi inkişafının müasir vəziyyəti”, “Qarabağ ermənilərinin reinteqrasiyasında xarici təcrübə”, “Qarabağın işğaldan azad edilmiş ərazilərinin coğrafi ekspertizası” mövzusunda çıxışlar dinlənilib.

Tehsil-press.az



Oxşar xəbərlər