USAID-in Azərbaycandakı emissarları üçün əsas təlimatları məlum olub - DETALLAR

USAID-in Azərbaycandakı emissarları üçün əsas təlimatları məlum olub - DETALLAR ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 1961-ci ildə yaradılıb. Agentliyin məqsədi qlobal miqyasda kasıb ölkələrə humanitar yardım etməkdən ibarətdir.
Amma 62 ildir ki, fəaliyyətdə olan USAID nəcib ideyalar əsasında fəaliyyət göstərdiyini elan etsə də, zaman-zaman onun fəaliyyəti ilə bağlı ciddi suallar və şübhələr yaşanıb.
Ən əsas və ciddi ittiham USAID-in ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) alt strukturu kimi fəaliyyət göstərməsi, fəaliyyət göstərdiyi ölkələrdə humanitar yardım və digər dəstək proqramları ilə yanaşı, rəsmi ABŞ-ın dost saymadığı ölkələrdə mövcud ictimai-siyasi quruluşun dəyişməsi üçün “yumşaq güc” kimi istifadə edilməsi ilə bağlı olub.
2009-cu ilin dekabrında CIA ilə aralarında birbaşa bağ olmasını USAID-in adı açıqlanmayan yüksək vəzifəli nümayəndəsi də etiraf etmişdi. O, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin pul köçürmələri və apardıqları əməliyyatlara dəstək göstərən üçüncü tərəflərlə müqavilələr üçün USAID-dən istifadə etdiyini etiraf etmişdi.
Məsələn, Haitidə USAID 2004-cü ildə prezident Jan Bertrand Aristide qarşı çevrilişdə iştirak edən təşkilatları maliyyələşdirməkdə ittiham olunurdu.
Analoji hallar 1970-ci illərdə Cənubi Amerikada solçu hərəkatının məhv edilməsi əməliyyatlarından tutmuş 2000-ci illərdə Boliviyada, Eritreyada, Kubadakı fəaliyyətə qədər geniş dövrü əhatə edir. USAID-in fəaliyyəti Rusiyada, Belarusda və Efiopiyada bu əsasla qadağan olunub.
USAID-lə bağlı sonuncu qalmaqal isə yenicə bitib. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti oktyabrın 2-də açıqlama yayaraq, USAID-i ölkədə hakimiyyət dəyişikliyi məqsədilə zorakı etiraz aksiyası metodları üzrə təlim keçən 3 Serbiya vətəndaşını maliyyələşdirməkdə ittiham edib.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili isə USAİD-in Amerika xalqının pullarının başqa ölkədə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün sərf olunmasının izahını verməli olduğunu deyib.
Sadalanan faktlar USAID-in fəaliyyətində işıqlı tərəflərlə, təmənnasız yardımla yanaşı, qaranlıq məqamların olduğunu da göstərir.
Agentliyin Azərbaycandakı fəaliyyəti...
USAID 1991-ci ildən Azərbaycanda da fəaliyyət göstərir. Yenicə SSRİ-dən ayrılaraq müstəqillik qazanmış, bazar iqtisadiyyatı şərtlərinə yenicə uyğunlaşmağa başlayan, təcavüzkar müharibəyə uğramış ölkə kimi Azərbaycan üçün ilk illərdə USAID-in dəstəyi çox yerində və lazımlı idi.
Obyektivlik xatirinə qeyd olunmalıdır ki, həmin dəstək yenicə təşəkkül tapmağa başlayan sahibkarlıq və əhalinin məşğulluğu baxımından faydalı idi.
Hazırda da USAID ölkəmizdəki əsas fəaliyyət sahələrinin kənd təsərrüfatı və turizm olduğunu, mikro, kiçik və orta sahibkarlıq müəssisələrə diqqət yetirilməsi olduğunu elan edib.
Məsələn, uğurlu proqramlar arasında agentliyin sosial-iqtisadi inkişaf fəaliyyəti çərçivəsində Azərbaycanın 6 bölgəsində 47 su təchizatı sistemi təkmilləşdirilib, 32 kənd yolu təmir edilib, 25 tibb məntəqəsi yaradılıb, kiçik və orta sahibkarlığa dəstəklə bağlı layihələr icra edilib.
Rəsmi məlumata görə, 1991-ci ildən USAID Azərbaycanda dəstək proqramlarına, o cümlədən humanitar yardım, səhiyyə sektoru, iqtisadi və idarəetmə islahatlarına 431 milyon dollar sərmayə qoyub.
Amma agentliyin fəaliyyəti yalnız elan edilən mövzularda dəstəklə kifayətlənsə idi, USAID-in fəaliyyəti yalnız rəğbət və minnətdarlıqla qarşılanardı. Təəssüflə qeyd etmək lazımdır ki, özünü humanitar yardım təşkilatı elan edən USAID-in fəaliyyətində qalmaqallı, hətta bəzi hallarda zorakılığa rəvac verəcək məqamlar da var. Və bu fəaliyyət bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da özünün neqativ tərəflərini büruzə verib.
Təhlükə ilk növbədə USAID-in fəaliyyət göstərdiyi ölkələrdə ictimai-siyasi quruluşu dəyişməyə yönəlik “yumşaq güc” siyasəti ilə bağlıdır.
Bu siyasət gender bərabərliyi, vətəndaş cəmiyyətinə, mediaya dəstək, həmçinin, vətəndaşların ictimai həyatda daha aktiv iştirakını artırmaq pərdəsi altında həyata keçilir.
2000-ci illərin ortalarında Azərbaycanda QHT, siyasi və ictimai təşkilatların, hərəkatların yaranmasında bir “bum” yarandı. O zamankı qanunvericilik çərçivəsində bəzi həssas məqamlardan məharətlə istifadə edən beynəlxalq təşkilatlar, o cümlədən USAID ölkədə çoxsaylı ictimai-siyasi birliklərin, QHT-lərin yaradılmasına, onlara təyinatı üzrə xərclənməyəcək maliyyə dəstəyi və s. verməyə başladı.
Məqsəd 2000-ci illərdə əsasən uğurlu aparılan “rəngli inqilab”lar dalğası fonunda hakimiyyət dəyişikliyi, cəmiyyətin kəskin siyasi mövqelər əsasında qütbləşməsi və qeyri-stabil siyasi vəziyyətin yaranması idi.
Siyasi sistem dəyişikliyi baş tutmadıqda isə, QHT, ictimai birliklər, vətəndaş cəmiyyəti və media vasitəsilə fərqli ideologiya və yerli mental dəyərləri nəzərə almayan görüşlərin yayılması idi.
Son illər bu özünü Azərbaycanda ailə dəyərləri, gender bərabərliyi, cinsi azlıqlarla bağlı vəziyyət və s. sahələrdə büruzə verir.
Heç bir ciddi ictimai dəstəyi olmayan marginal qruplar USAID və s. beynəlxalq təşkilatların dəstəyi ilə cəmiyyət üçün əhəmiyyətli, qlobal olmayan süni gündəmi tirajlamağa cəhd edir, tədbirlər keçirir.
Daha çox sosial şəbəkələr və internet üzərindən yayımlanan bəzi elektron medialar vasitəsilə aparılan bu müzakirələr Azərbaycanda qadınlara qarşı zorakılığının dəhşətli miqyas alması, narkomaniyanın tüğyan etməsi, LGBT, yəni cinsi azlıq nümayəndələrinin diskriminasiyaya məruz qalması, intiharların epidemiya halı alması kimi reallıqdan ondəfələrlə şişirdilmiş təqdimatlardan ibarət idi.
İctimai rəyi çaşdıran, süni gündəm yaratmağa hesablanmış belə addımlardan biri də “No War”çı düşüncə ilə bağlıdır. Bu azsaylı marginal qrup adətən hərbi əməliyyatlar zamanı varlığını xatırladırdı.
İstər 2020-ci ildəki 44 gün sürən Vətən Müharibəsi, istər 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşma, istərsə də Qarabağdakı separatçı qurumun varlığına birdəfəlik son qoyan 24 saatlıq antiterror tədbirləri zamanı bu qrup Azərbaycan cəmiyyətinin müharibəyə qarşı olması, hətta Azərbaycanın Ermənistan ərazisinə təcavüz etməsi barədə yanlış rəy yaradırdı.
Amma Qərb təsisatları, həmçinin USAID-lə əlaqəsi olan bu qrupların fəaliyyəti cəmiyyətdə heç bir dəstək almadı, əksinə, 30 il təcavüzdən əziyyət çəkmiş, minlərlə şəhid vermiş və beynəlxalq hüquq əsasında ərazi bütövlüyünü bərpa etmiş ölkə sakinlərində ikrah hissi oyatdı.
44 günlük müharibə zamanı ordu sıralarında 1 nəfər olsun fərarinin qeydə alınmadığı Azərbaycanda bu tip müzakirələr və təşkilatlanmalar, onlara maliyyə ayıranlar uğursuzluğa məhkumdur. Elə buna görə də antiterror əməliyyatlarının başa çatdığı gün “No War”çılar üçün ayrılmış 80 layihəyə xitam verildi. Dərhal da “pulla no war”çı olanlar susdular.
USAID direktorunun erməni sevgisi
USAID-in Azərbaycandakı fəaliyyətindəki qeyri-şəffaflıq, qapalılıq və siyasi proseslərə müdaxilə ilə yanaşı, mənfi amillərdən biri agentliyin “erməni kartı”ndan istifadə ilə bağlıdır. Bu məsələdə USAID-in hazırkı yəni sayca 19-cu direktoru olan Samanta Pauer aktiv rol oynayır. Hələ Barak Obama administrasiyası dövründə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi kimi çalışan Pauer “erməni soyqırımı”nın tanınmasının əsas tərəfdarlarından biri olub və ABŞ-ın “soyqırımı” tanımamasına görə dərin təəssüf hissi keçirdiyini bildirib. Ermənilərə olan simpatiyası onun bu ölkəyə dəfələrlə səfərlər etməsindən görünür. USAID direktoru kimi isə bu simpatiya özünü daha qabarıq nümayiş etdirdi. Ötən gün Pauer rəhbərlik etdiyi USAID-in Qarabağı könüllü tərk etmiş ermənilərə əlavə 4,1 milyon dollar ayırdığını, həmin şəxslərin “məcburi köçkün” olduğunu öz “X” səhifəsindəki paylaşımında bildirib.
Rəsmi Bakının buna cavabı da çox gecikmədən verildi.
“Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalı zamanı daha bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb. İndi də həmin siyasət eyni formada davam edir”, - bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında Samanta Pauerə cavabında bildirib.
O, “İnsan haqları” təlimləri professoru kimi tanınan USAID direktorunun Ermənistanın günahsız mülki azərbaycanlılara qarşı törətdiyi soyqırımı və vəhşilik aktları qarşısında tamamilə susqun qalmasını xatırladıb. Və fikirlərini USAID-in Azərbaycandakı 32 illik fəaliyyətinə nöqtə qoyacaq sözlərlə bitirib. “Maskaları çıxarın! Azərbaycanda artıq USAID-in fəaliyyətinə yer yoxdur!”
Azərbaycanın Xarici İşlər Nazirliyinin də məsələyə münasibəti müvafiq olub. “Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin Ermənistana miqrasiyasını məcburi köç adlandırmaq əsassız və ədalətsizdir”, - bildirən XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “X” platformasında paylaşımında Samanta Pauerin regiona səfəri zamanı Ermənistanın təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum edilmiş azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşdən imtina etdiyini xatırladıb.
USAİD-in Azərbaycandakı 3 “problemi”
Müharibə bitdikdən, münaqişə həllini tapdıqdan sonra isə USAİD dərhal Azərbaycanla bağlı taktikasını dəyişib. Əldə olunan məlumatlara görə, antiterror əməliyyatlarından bir ay sonra artıq Azərbaycanda olan emissarlar sürətlə Avropaya, daha çox Parisə çağırılmağa başlanılır.
Bu çevrəyə daxil olan media (Toplum TV və Abzas Media), feminist və LGBT təşkilatlarının rəhbələri və aparıcı üzvləri müxtəlif adlar altında Avropa ölkələrinə, xüsusilə Fransaya dəvət olunurlar.
Xüsusilə qeyd etmək yerinə düşər ki, bu cür proseslərdə Qərbin çoxillik media resurslarının yerli strukturları və ya Qərb QHT-lərinin yerli institutlarından o qədər də istifadə olunmur. “Yerli cəmiyyətin etirazını” göstərmək nəqsədi ilə daha çox ölkə daxilində yaradılmış, qeyri-leqal yollarla maliyyələşdirilən, özünü “Azərbaycan mediası və Azərbaycan QHT” ləri kimi təqdim edən resusrlardan istifadə olunur. Bu sırada Toplum TV, Abzas Media, Fakt Yoxla kimi media layihələrini, yerli feminist və LGBT təşkilatlarını misal göstərmək olar.
Emissarlara verilən əsas təlimat isə post-müharibə dövründə Azərbaycanda, xüsusilə bölgələrdəki lokal xarakterli sosial-iqtisadi probleməri sosial media və adı çəkilən resurslarda fəal işıqlandırmaq, bu mövzuları xüsusi qabartmaq və eyni problemlər ətrafında daha çox narazı elektoratın toplanmasına şərait yaratmaqdır. Bəzi məlumatlara görə, USAİD-in bununla bağlı “bölgələrdə vətəndaş jurnalistikasının inkişafı” tipli layihəsi də mövcuddur.
Təlimata görə, bu konteksdəki əsas diqqət isə Qarabağa qayıdış konsepsiyasının üzərində olmalıdır. Qarabağa qayıdan məcburi köçükünlərlə bağlı yaranmış lokal xarakterli problemləri şişirtmək, burda baş verən hər hansı mübahisəni böyük narazılıq kimi cəmiyyətə çatdırmaq və məcburi köçkünlərin ata-baba yurdlarına qayıtmaması üçün qara piar kampaniyasının qurulmasından ibarətdir.
Digər təlimat isə Azərbaycan cəmiyyəti üçün xarakterik olmayaq feminist və LGBT fərdləri ilə bağlı mövzuları daim diqqətdə saxlamaq, ölkədə guya bu fərdlərə qarşı “diskriminasiya” olması barədə yerli və beynəlxalq ictimaiyyətdə fikir formalaşdırmaqdır. Eyni problemi heyvan haqlarının qorunması istiqamətində də izləmək verilən təlimatlar arasındadır.
Yeri gəlmişkən, bu təlimatların həyata keçirilməsi üçün USAİD-in işlədiyi əsas çevrələr də elə məhz “feminist hərəkatı” və LGBT fərdləridir. Onlar yeni dövrün “aktiv bloggerləri” kimi sosial mediada təmsil olunur və “telefon jurnalistikası”nın fəal nümayəndələrinə çevrilirlər.
Göründüyü kimi, USAID-in ermənipərəst direktorunun qərəzli və qeyri-obyektiv addımları agentliyin Azərbaycandakı fəaliyyətinin davamını ciddi sual altında qoyur.
Ümumilikdə isə, USAID istər ölkəmizdə, istərsə də dünyada yaradıldığı zaman rəhbər tutduğu ideyalara sadiq qalacağı şəkildə uğurlu fəaliyyət göstərməyə və ABŞ üçün də müsbət imic formalaşdıra bilər. Amma fəaliyyət göstərdiyi ölkələrdə siyasi proseslərə təsir göstərmək niyyəti, qeyri-leqal maliyyələşdirmə və s. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin reputasiyasına hər zaman kölgə salacaq və sonda fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq.

Tehsil-press.az


Oxşar xəbərlər