Ali Attestasiya Komissiyasında elmi katiblər üçün seminarlar təşkil edilib

Ali Attestasiya Komissiyasında elmi katiblər üçün seminarlar təşkil edilib Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) “Azərbaycan Respublikasında elmi dərəcə və elmi ad verilən elm sahələri və ixtisasları üzrə nomenklatur”a daxil olan elm sahələrinə uyğun olaraq elmi müəssisələrin (təşkilatların) və ali təhsil müəssisələrinin elmi katibləri üçün seminarlar təşkil edilib.
Seminarlarda komissiyanın əməkdaşları, 44 elmi müəssisənin (təşkilatın), 32 ali təhsil müəssisəsinin elmi katibləri və həmin müəssisələrin nəzdində fəaliyyət göstərən 63 dissertasiya şurasının elmi katibləri olmaqla, ümumilikdə 139 elmi katib iştirak edib.
Elmi dərəcə və elmi ad almaq üçün sənədlərin hazırlanması və komissiyaya təqdim edilməsinə həsr olunmuş seminarda komissiyanın aparat rəhbərinin müavini, baş elmi katib, aidiyyəti şöbə müdirləri və digər məsul işçilər elmi katiblərin suallarını cavablandırıblar. Elmi katiblərə son illərdə Ali Attestasiya Komissiyasında həyata keçirilən tədbirlər haqqında geniş məlumat verilib. Müdafiələrin keçirilməsi zamanı istifadə olunan elektron platformadan istifadə qaydaları izah edilib, elmi katiblərin qarşılaşdıqları çətinliklər müzakirə edilib. Komissiyaya təqdim edilən sənədlərin hazırlanmasına dair tövsiyələr verilib. İşgüzar şəraitdə keçirilən seminarda elmi katiblərin verdikləri çoxsaylı suallar komissiyanın əməkdaşları tərəfindən ətraflı cavablandırılıb. İclas iştirakçıları sözügedən seminarın səmərəli və faydalı olduğunu qeyd edərək, onlarla bu kimi yeni seminarların keçirilməsi arzusunda olduqlarını bildirib.
Dissertasiyaların müdafiə prosesində iddiaçıların əsassız bürokratik əngəllərlə üzləşməsinin və ekspertiza üçün ehtiyac duyulmayan, lüzumsuz sənədlərin tələb olunmasının qarşısının alınması məqsədilə Ali Attestasiya Komissiyasında mütəmadi olaraq seminarların təşkili nəzərdə tutulur.

Tehsil-press.az




Oxşar xəbərlər