Magistrantlar İngiltərədə təhsil imkanı qazandı – rektor ikili diplom müqaviləsi imzaladı

Magistrantlar İngiltərədə təhsil imkanı qazandı – rektor ikili diplom müqaviləsi imzaladı Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İngiltərənin Vestminster Universiteti arasında memarlıq abidələrinin bərpası və yenidən qurulması ixtisası üzrə magistr dərəcəsində ikili diplom müqaviləsi imzalanıb. Müqavilə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovanın Böyük Britaniyaya səfəri çərçivəsində Londonda yerləşən Vestminster Universitetində imzalanıb.
Sənədə əsasən, magistrantlar ikili diplom proqramına 2024-cü ilin sentyabr ayından etibarən qoşula biləcəklər. Proqramda iştirak etmək istəyən magistrantlar I kursda qəbul olduğu universitetdə, II kursda isə tərəfdaş universitetdə təhsil alacaqlar. Proqramı uğurla bitirərək məzun olan tələbələr sonda hər iki universitetin diplomunu əldə edəcəklər. Müqavilədə müəllim və tələbələrin akademik mübadilədə iştirakı, qarşılıqlı səfərlər, tələbələr üçün məlumatlandırma sessiyalarının təşkili və bu kimi məsələlər də nəzərdə tutulub.
Beləliklə, AzMİU-nun xarici universitetlərlə ikili diplom proqramlarının sayı 7-yə yüksəlmiş oldu.
Qeyd edək ki, AzMİU bakalavriat səviyyəsi üzrə Türkiyənin İstanbul Texnik Universiteti, İtaliyanın Milan Politexnik Universiteti və Fransanın CNAM Universiteti ilə, magistratura səviyyəsi üzrə isə İspaniyanın Koruna Universiteti, İtaliyanın Milan Politexnik Universiteti və Portuqaliyanın Leiria Politexnik İnstitutu ilə ikili diplom proqramları həyata keçirir.

Tehsil-press.az



Oxşar xəbərlər