Qazaxıstanda görkəmli dövlət xadimi Temirbek Jürgenova həsr edilən kitabların təqdimatı olub

Qazaxıstanda görkəmli dövlət xadimi Temirbek Jürgenova həsr edilən kitabların təqdimatı olub Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında görkəmli dövlət xadimi Temirbek Jürgenovun 125 illik yubileyi münasibətilə nəşr edilən kitabların təqdimatı olub. Ədibin əsərləri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən çap olunub. TÜRKSOY ötən ili “Temirbek Jürgenov İli” elan edib.
“Temirbek Jürgenov İli” çərçivəsində müxtəlif tədbirlər təşkil olunub. Bundan əlavə, yazıçı Beybit Koyşıbayevin “Komissar Jürgenov” kitabı türk dilinə, Almacan Uteqaliyevanın “Temirbek Jürgenov: Zəfər və faciə” kitabı isə rus dilinə tərcümə olunub.
Tədbirdə elm və dövlət xadimləri, Qazaxıstan Respublikası Parlamentinin deputatları, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Qazaxıstan Respublikasının Prezidenti yanında Milli Konqresin üzvləri, şairlər, yazıçılar, jurnalistlər və oxucular iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib ki, belə bir görkəmli şəxsiyyətin tariximizdəki yerini müəyyənləşdirmək, irsini araşdırmaq bugünkü və gələcək nəsillərin borcudur.
Qeyd edilib ki, görkəmli ziyalı, 1938-ci ildə repressiya qurbanı olmuş Temirbek Jürgenov qısa ömründə Orta Asiya xalqlarının maariflənməsinə böyük əmək sərf edib. O, Tacikistan, Qırğızıstan və Qazaxıstanda müxtəlif vəzifələrdə çalışaraq maarifçilik fəaliyyəti göstərib.
Tədbirdə digər çıxış edənlər qazax xalqının tarixində xüsusi iz qoymuş Temirbek Jürgenovun irsinin nəsillər və xalqlar arasında “qızıl körpü” olduğunu bildiriblər.

Tehsil-press.az





Oxşar xəbərlər