Taksilərə qoyulan tələblərlə bağlı AÇIQLAMA

Taksilərə qoyulan tələblərlə bağlı AÇIQLAMA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Nazirlər Kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”inə aydınlıq gətirib.

Nazirlikdən verilən açıqlamada deyilir ki, tələblərə əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər. Həmçinin taksi minik avtomobilinin daxilində aşağıdakılar olmalıdır:

– sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi;

– taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz;

– gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal.

Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

Beləliklə, hazırda taksi kimi istifadə olunan nəqliyyat vasitələrinə qoyulmuş tələblər qanunvericilikdə bu günə qədər də var idi.

Yeni tələb isə taksi minik avtomobilinin bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameraların olmasıdır.

Taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hazırda taksi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyəti davam etdirmək istəyən şəxslərdən qısa müddətdə buraxılış vəsiqəsi və buraxılış kartı almalarını xahiş edir.

1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.

Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilir.

Tehsil-press.az

Oxşar xəbərlər