Ceyhun Kərəmov: Rayonlardan məzun olub universitetə girməyənlərin 25 %-ni belə peşə məktəblərinə yerləşdirmək imkanımız yoxdur - MÜSAHİBƏ

Ceyhun Kərəmov: Rayonlardan məzun olub universitetə girməyənlərin 25 %-ni belə peşə məktəblərinə yerləşdirmək imkanımız yoxdur - MÜSAHİBƏ Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasından sonra son illərdə peşə təhsilinə üz tutanların sayında müəyyən qədər artım müşahidə olunur. Peşə təhsili şəxslərin gələcəkdə işlə təminatı baxımından ən uyğun təhsil formasıdır. Çünki xüsusi peşə sahiblərinin yetişməsində məhz peşə təhsili məktəblərinin rolu böyükdür.

Elə bu nöqteyi-nəzərdən Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovla müsahibədə peşə təhsili sahəsində müşahidə olunan irəliləyişlər, əldə olunan uğurlar və bəzi boşluqlara aydınlıq gətirməyə çalışdı.

- Bu gün Azərbaycanda insanların peşə təhsilinə münasibəti necədir? Son illərin peşə təhsili müəssisələrinə tələbə qəbulu səviyyəsi necədir? Əvvəlki illərlə müqayisədə nə kimi dəyişiklik və yeniliklər olub?

- İlk növbədə “Azərbaycanda peşə təhsilinə münasibət necədir” sualına cavab verəndə məsələyə həm tarixi, həm də bugünkü əmək bazarının tələbləri aspektindən baxmalıyıq. Bu gün valideyn, tələbə və gənclərlə danışanda başa düşürük ki, hələ də elə bir stereotip var ki, peşə təhsili yalnız ali təhsilə gedə bilməyən, akademik göstəriciləri zəif olan tələbələrin və yaxud da gənclərin gedəcəyi yerdir. Bu, ümumən qəbul olunan yanaşmadır. Yəni bu, yalnız Azərbaycana xas olan hal deyil və əksər ölkələrdə ciddi problem olaraq qalır. Təbii ki, zamanla yanaşma və tendensiya dəyişir, çünki əmək bazarı dəyişir. Yeni nəsil gənclər texnologiyanın inkişafı və digər məsələlərin təsiri ilə artıq uzun müddət təhsil almaqda maraqlı deyil. Bu gün daha qısa vaxtda bacarıq, səriştə kompetensiyaları verən təhsilə maraq artır. Bu kontekstdə əgər Azərbaycana baxsaq burada da dəyişikliklər baş verir.

Son bir neçə ildə əlimizdə olan məlumat bazası onu deməyə əsas verir ki, peşə təhsilinə maraq heç də azalmır, əksinə artır. Misal olaraq, 2018-ci ildə 13 960 nəfər peşə təhsil müəssisələrinə qəbul olubsa, 2023-cü ildə bu rəqəm artıq 21 000-ə yaxın olub. Rəqəmlərə baxsaq 4 il ərzində təxminən 50 faizdən çox artım baş verib. Bütün bunlar bir çox yeni peşə təhsil müəssisələrinin istifadəyə verilməsi nəticəsində əldə edilib.

Qabaqcıl müəssisələrdə bir çox hallarda 1 yer üçün müraciətlərin sayı 5-10, bəzi hallarda isə 20-yə çatır. Nümunə üçün deyə bilərəm ki, kibertəhlükəsizlik üzrə proqrama 20-dən çox insan müraciət edib. Veb-dizayner və proqram təminatı üzrə Bakıdakı bir çox qabaqcıl müəssisələrdə bir yer üçün təxminən 25 nəfər müraciət edir. Rayonlardakı müəssisələrə gəlincə, ötən il istifadəyə verilən Cəlilabaddakı Peşə Təhsil Mərkəzində (PTM) elektrik avadanlıqlarına xidmət və təmir üzrə montyor ixtisasına əvvəllər bir yerə 1-2 namizəd olurdusa, artıq həmin yerə 11 nəfər müraciət edir. Bütün bu rəqəmlər onu deməyə əsas verir ki, bir çox ali təhsil müəssisələri ilə görünməyən rəqabət var.

Dövlətin strategiyası ondan ibarətdir ki, 2026-cı ildə peşə təhsili müəssisələrinə qəbul təxminən 28 minə çatmalıdır. 2022-ci ili 2018-ci illə müqayisə etsək, bu, təxminən iki dəfədən çox artım deməkdir. Peşə təhsilinin əhatəsinin genişləndirilməsinə mane olan səbəblərə gəlincə, burada tələb və təklif məsələsinə baxmaq lazımdır. Heç də həmişə bazarın peşə təhsilinə olan tələbini ödəyə bilmirik.
Peşə təhsili müəssisələrinin əsas hədəf kütləsindən biri tam orta təhsil və ümumi orta təhsil bazasından, yəni IX və XI sinfi bitirən ali təhsil və ya kolleclərə qəbul olmayan tələbələrdir. Əksər rayonlarda həmin sinifləri bitirən və universitet, yaxud kolleclərə qəbul olmayanların 25 %-ni belə peşə məktəblərinə yerləşdirmək imkanımız yoxdur. Məsələn, keçən ilin statistikası deyir ki, Bakıda təxminən 21 min nəfər 9-11-ci sinfi bitirib, amma nə universitetə, nə də kollecə getməyib. Bunlardan cəmi 4 100 nəfərini peşə təhsili müəssisələrinə qəbul edə bilmişik. Çünki yalnız IX-XI sinfi bitirənlər yox, əvvəlki illərdə məzun olanlar da peşə təhsilinə gəlir. Bugünkü araşdırmalar onu deyir ki, Bakıda bütün şəraiti olan müəssisələrimiz böyük reklam kampaniyası aparmadan plan yerlərini doldura bilir.

Ceyhun Kərəmov: Rayonlardan məzun olub universitetə girməyənlərin 25 %-ni belə peşə məktəblərinə yerləşdirmək imkanımız yoxdur - MÜSAHİBƏ


Hesab edirik ki, Bakı və ətraf rayonlarda bir neçə peşə təhsil müəssisəsinin tikilməsinə ehtiyac var. Paytaxtın Yasamal, Suraxanı və Binəqədi rayonlarında yeni peşə təhsil müəssisələri açılsa, oradakı plan yerləri dola bilər. Bu, bölgələrə də aiddir. Çünki Mərkəzi Aran, Abşeron-Xızıda tələblə təklif arasında böyük boşluq və uyğunsuzluq var. Hesab edirəm ki, növbəti illərdə bir çox rayonlarda peşə təhsil müəssisələrinin tikilməsi daha da sürətləndirilməlidir. Ümumilikdə 2026-cı ilə qədər Qarabağ istisna olmaqla ölkə ərazisində 8 peşə təhsili müəssisəsi tikiləcək. Eyni zamanda azad olunmuş ərazilərdə də 8 müəssisə tikiləcək.

Bəzən peşə təhsil müəssisələrinə gənclərin gəlməməsini səsləndiririk. Burada peşə təhsil müəssisələrinin bir çoxunun yerləşməsi məsələsi var. Sovet dövründə tikilmiş bir çox müəssisələrimiz var ki, onlar adətən rayon mərkəzindən uzaq, yaxud nəqliyyat baxımından əlçatan deyil. Misal olaraq, Yardımlı rayonunda peşə təhsil müəssisəmiz rayonun girişindədir. Amma rayonda ictimai nəqliyyatın səviyyəsi qənaətbəxş olmadığından orada davamiyyətlə bağlı ciddi problemlərlə üzləşirik və təhlil göstərir ki, bu il orada oxuyan tələbələrin təxminən 40 %-i müəssisədən 20 km aralı məsafədə yaşayır. Bu o deməkdir ki, onlar ictimai nəqliyyatın olmadığı halda ya fərdi nəqliyyat vasitələrindən, ya da taksi və digər xidmətlərdən istifadə etməlidir. Təbii ki, bu da bir çox hallarda onların büdcəsinə uyğun deyil.

Bundan başqa, ölkədə fəaliyyət göstərən 10 müəssisəmiz rayon mərkəzindən kənar, yəni nəqliyyat baxımından əlverişli yerdə yerləşmir. Növbəti illərdə hökumətə verəcəyimiz təkliflər siyahısında həmin rayonlarda peşə təhsil müəssisələrinin yerinin dəyişdirilməsi, eyni zamanda infrastrukturun genişləndirilməsi məsələsi yer alacaq. Əminik ki, növbəti üç ildə yeni istifadəyə veriləcək müəssisələr vətəndaşların peşə təhsilinə əlçatanlığını daha da artıracaq. Bu il Lənkəranda müasir peşə təhsil mərkəzinin açılışı olacaq. Eyni zamanda Bakıda Texnika və Texnologiyalar üzrə Dövlət Peşə Təhsil Mərkəzinin yeni korpusu açılacaq. Növbəti illərdə Qubada, Salyanda, Tovuzda, Qaxda və Sumqayıtda yeni peşə təhsil mərkəzlərinin açılması nəzərdə tutulur. Artıq Qarabağda peşə təhsili müəssisələrinin tikintisinə başlanılıb. Hazırda Füzulidə Peşə Təhsil Mərkəzi tikilir. Bu il həm də Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl və Şuşada peşə təhsili müəssisələrinin layihələndirmə işinə başlanılacaq.

- Yaxın gələcəkdə peşə təhsili müəssisələrinin akkreditasiyadan keçirilməsi nəzərdə tutulur. Bununla bağlı zərurət nədən yaranıb və hazırda bu istiqamətdə hansı addımlar atılır?

- Təhsilin bütün pillələrində dövlət standartları müəyyənləşdirilib. Akkreditasiyanın da məqsədi təhsil müəssisələrinin özəl və dövlət olmasından asılı olmayaraq dövlətin müəyyən etdiyi standartlara uyğun təhsil verib-vermədiyini müəyyənləşdirməkdir. Bu baxımdan bir növ gecikmişik, 2024-cü ildə peşə təhsili müəssisələrinin akkreditasiyası ilə bağlı qaydaların təsdiq olunmasını gözləyirik. Həm yerli ekspertlər, həm də beynəlxalq layihələr çərçivəsində akkreditasiya meyarları və qaydaları üzərində iş aparılır. Xarici akkreditasiyadan danışırıqsa, bu Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən aparılacaq. Hazırda həmin qurum ali təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirir. Qaydalar ilk növbədə dövlət standartlarına uyğun peşə təhsilinin verilib-verilmədiyini müəyyənləşdirəcək və peşə təhsili müəssisələrində həm institusional, həm də proqram akkreditasiyası həyata keçiriləcək.

Ceyhun Kərəmov: Rayonlardan məzun olub universitetə girməyənlərin 25 %-ni belə peşə məktəblərinə yerləşdirmək imkanımız yoxdur - MÜSAHİBƏ


Akkreditasiyanın keçirilməsi üçün şərtlərdən biri odur ki, ilk növbədə müəssisə özünün daxili qiymətləndirməsini aparır. Yəni əvvəlcə müəssisə müəyyənləşdirir ki, dövlətin standartları budur və nə qədər buna uyğundur. Özünü qiymətləndirmə hesabatı olur, bundan sonra xarici akkreditasiya aparılır. Keçən il bunu iki müəssisədə pilot etmişik, amma bu il artıq beş müəssisədə (Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi) akkreditasiyanın keçirilməsi nəzərdə tutulur.

- Vergi Məcəlləsində müəyyən dəyişikliklərin edilməsi üçün təkliflə çıxış edəcəyinizi bildirmişdiniz. Söhbət hansı təkliflərdən gedir?

- Sözün açığı müəyyən təkliflərlə bağlı bir neçə istiqamətdə işləyirik. Bu gün peşə təhsili sahəsində əldə edilən uğurlarla yanaşı günün sonunda cəmiyyətin və işəgötürənlərin ölçdüyü bir amil var. Bu da işə düzəlmədir və ya iş yeri yaratmadır. Yəni tələbələrimiz nə qədər yeni iş yerləri, şəxsi biznes və s. yaradır. Bu baxımdan sənaye ilə çox yaxından işləməliyik. Hesab edirəm ki, qanunvericilikdə işəgötürənlərin peşə təhsilinə yaxından işləməsinə, investisiya qoyulmasına, bizimlə birlikdə şərik olmasına həvəsləndirici alətləri dövlət verməlidir. Vergi Məcəlləsinə dəyişiklik edilməsi üçün təkliflər üzərində işləyirik. Həm həmin məcəllə, həm də digər qanunvericilik aktlarına dəyişikliklər olmalıdır.

Ən böyük çətinliklərimizdən biri işəgötürənlərin peşə təhsili ilə bağlı iştirakı məsələsidir, çünki onların bu işdə iştirakı nisbətən zəifdir. Bunun da bir neçə səbəbi var. Bizimlə yanaşı işəgötürənlər də lobbiçilik etməli, dəyişiklikləri tələb etməli və bir növ sosial sifarişin olduğunu göstərməlidirlər. Məsələn, bir çox sektorlarda sənaye assosiasiyalarının çox zəif olması, dövlətə peşə təhsili ilə bağlı məşğul olan qurumlara, Elm və Təhsil Nazirliyinə problemlərin bir növ sosial sifariş formasında gəlmədiyini göstərir.

- Bu gün gənc kadrları təcrübəyə cəlb etməkdə müəssisələrin maraq göstəricisini necə qiymətləndirirsiniz?

- Bu da sahələr üzrə dəyişir. Misal olaraq, əgər turizm sektorundan danışırıqsa əlimizdə olan data onu göstərir ki, turizm sektorunda tələbələrin praktika və ya istehsalat təcrübəsinə getməklə bağlı problemi yoxdur. Bu il Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində məzun olacaq 450 tələbənin demək olar hamısı istehsalat təcrübəsinə getmək üçün yer tapıb. Bu da 140 müəssisə deməkdir. Amma Bakıda, eyni zamanda Lənkəran və Qəbələdə turizmlə məşğul olan şirkətlərin sayını nəzərə alaraq bu, bəlkə də asan işdir. Regionlarda isə problem var, çünki orada həm şirkətlərin, həm də sektora marağın az olması, eləcə də insan resursları funksiyasının zəif reaktiv işləməsinin nəticəsi olaraq marağı bəzi hallarda görmürük və müəssisələrimiz üçün çətin olur.

Bir çox sahələr var ki, orada bir və yaxud bir neçə işəgötürən var. Bir çox sektorlar var ki, orada problem yoxdur. Bura əsasən turizm, yəni xidmət sektoru aiddir. Bir çox sahələr var ki, orada ciddi çətinliklər var. Müəssisələrimiz təcrübə üçün konkret işəgötürənlər tapmadıqda, tədris müddətindəki istehsalat saatlarını müəssisədə keçməli olur. Bir çox müəssisələrimizdə maddi texniki baza zəif olduğundan regionlarda tələbələr təcrübəni nə işəgötürən yanında, nə də müəssisədə istədikləri kimi keçirə bilmir. Bu da onların uzun müddətdə əmək bazarında uğursuz olmasına gətirib çıxarır. Şirkətlərdə insan resursları şöbəsinin zəif olması onların bir növ tələbə yetişdirməyə hazır olmadıqlarını göstərir. Sovetdən bu günə qədər köhnə vəziyyətdə qalan müəssisələr olduğu təqdirdə işəgötürəndə inam olmur ki, orada onun istədiyi tələblərə uyğun olaraq tələbə hazırlamaq olar.

Ceyhun Kərəmov: Rayonlardan məzun olub universitetə girməyənlərin 25 %-ni belə peşə məktəblərinə yerləşdirmək imkanımız yoxdur - MÜSAHİBƏ


- Peşə təhsilində özəl sektorun iştirakı üçün hansı imkanlar yaradılmalıdır?

- Dövlət və özəl olmasından asılı olmayaraq peşə təhsilinin uğuru üçün işəgötürənin bizimlə yaxından işləməsinə ehtiyac var. İşəgötürənlər üçün bu sahədə bir çox imkanlar artıq mövcuddur. Məsələn, hazırda istənilən sahədə yeni kurikulum yazırıqsa və ya təkmilləşdiririksə onları da bu işə cəlb edirik. Onların təklifləri əsasında kurikuluma dəyişirik. Yəni müəssisədə öyrədəcəyimiz hər bir mövzu işəgötürən tərəfindən təsdiqlənməsə bu, keyfiyyətli təhsil verməyimizi sual altına alır.

İşəgötürənlər üçün mövcud imkanlardan biri də DUAL proqramdır. Bu proqram tələbənin tədris ili boyunca peşə təhsil müəssisələrində nəzəri biliklərlə yanaşı, işəgötürən müəsissələrdə real iş mühitində praktik bacarıqlar əldə etməsini təmin edir. Bu il 800-dən çox tələbəni bu proqrama cəlb etmişik. Son üç ildə bunu pilot formada təşkil edirdik. Artıq bu il proqramın qanunvericilik, normativ hüquqi əsasını yaratmağı planlaşdırırıq. Yəni onlayn platforma yaradılacaq və istənilən şirkət DUAL təhsildə iştirak etmək istəyirsə müraciət edə biləcək. Ümumiyyətlə, peşə təhsilində daha çox özəl provayderlərin olmasına ehtiyac var. Amma bir çox hallarda özəl sektor bu sahəyə girib uğur qazanacağına inanmır. Çünki peşə təhsili müəssisəsinin yaradılması çox böyük maddi texniki infrastruktur tələb edir.

- Peşə təhsili alan qadınların göstəricisində artım olsa da, hədəflənən rəqəmdən azdır. Hazırkı rəqəmlər necədir ki, hədəfə hələ çatmamısınız? Hədəfə çatmağa mane olan nədir?

- Təhsilin əsas prinsiplərindən biri bərabərlikdir. Yəni konkret hədəf qoymamışıq ki, peşə təhsil müəssisələrində qadınların sayı kişilərin sayından çox olsun. Amma bilirik ki, qadınların peşə təhsilinə cəlb edilməsi istiqamətində görüləcək çox işlər var. Bu gün peşə təhsili müəssisələrində qəbul olunanların içərisində kişilər çoxluq təşkil edir. Tədris olunan ixtisaslara baxsaq, ağla gələn ilk ixtisasları soruşsaq deyəcəklər ki, bura santexnik, qaynaqçı, aşpaz və s. daxildir. Bunlar da kişi ixtisasları kimi görünür.

Bu məsələdə daha çox qadınlara maraqlı olan ixtisasları tədris etməliyik. Yaxşı nümunələrdən biri dərzilik ixtisasıdır. Son illərdə moda dizayneri ixtisası da tədris olunur. Yeni gənc nəsil üçün moda dizaynı daha maraqlıdır. Çünki o, yalnız tikişlə yox, həm də dizayn edib yaradıcılığı tətbiq edərək məhsulu bazara təqdim etmək imkanı qazanır. Bundan başqa, Cəlilabaddakı Peşə Təhsil Mərkəzində 5-6 il əvvəl bir dənə də olsa qız təhsil almırdı. Dərzilik ixtisasının tədrisindən sonra artıq xanımlar peşə təhsilinə üz tutmağa başladılar.

2024/2025-ci tədris ili üzrə qəbul olan tələbələrin içərisində qadınların sayının 40%-ə çatması hədəf olaraq götürülüb. Peşə təhsili müəssisələrinə üz tutan qadınların çoxu Bakı, Sumqayıt və Gəncə şəhərlərində təhsil alırlar. Qrafik dizayner (55 faiz), veb dizayner və proqram təminatçısı (48 faiz), interyer dizayner (70 faiz) kimi ixtisaslarda da qadınların sayının artması müşahidə olunur. Qadınlar ən çox dayə (98,5 faiz), qrimçi-pastijor (95 faiz), laborant-mikrobioloq (93.8 faiz), moda dizaynı (93 faiz), xalçaçı (85 faiz) peşələrini seçiblər. Bundan başqa, informasiya texnologiyaları istiqamətində qadınlar kişilərlə bərabər iştirak edir.

Bu il və növbəti il bir neçə layihəmiz var ki, yalnız ixtisasların seçimi yox, hətta peşə təhsili ilə bağlı büdcənin formalaşdırılmasında gender amilini nəzərə alacağıq. Müəssisələr peşə təhsilinin uğurundan danışanda sırf kişilərin şəkillərini göstərirsə, əlbəttə qadınlara maraq yaratmır. Bu baxımdan məsələyə çox həssas yanaşırıq. Həm kommunikasiya, həm də ixtisasların seçimində nəzərə alırıq ki, xanımlarımız da peşə təhsilin gəlsin. Aidiyyəti qurumlar xanımların uzun müddətdə daha çox maraqlı olduqları ixtisaslarla bağlı çox ciddi sorğu və araşdırmalar aparılmalıdır. Hesab edirəm ki, ixtisasları daha çox tələblərə uyğunlaşdırdıqca xanımlar peşə təhsilində daha çox iştirak edəcəklər.

- Məzunların əmək bazarında uğurları ilə bağlı ölçmələr aparılacağını qeyd etmişdiniz. Söhbət hansı ölçmələrdən gedir? Proses necə olacaq?

- Bu ölçmələri həmişə aparmağa çalışırıq. Lakin məlumatlar bizdən yox digər qurumlardan gəlir. Məzunlarımızın əmək bazarındakı uğurunu ölçmək üçün bir neçə alət var. Bizim peşə təhsilinin məlumat sistemi var. Əmək bazarının monitorinqi və məşğulluğun ölçülməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparılır. İstər ali təhsil, istərsə də peşə təhsil pilləsində məşğulluq göstəriciləri ixtisaslar və regionlar üzrə fərqlilik göstərir. Dünya təcrübəsi ondan ibarətdir ki, təhsil müəssisələri özləri də məzunlarının məşğulluq göstəricilərini izləyirlər. Bizim müəssisələrimiz də ayrı-ayrılıqda bu prosesi aparır. Sadəcə bəzən məzunların müəyyən hissəsi “qara bazar” adlandırdığımız qeydiyyatsız işlərdə işlədikləri üçün etibarlı məlumat toplamaq çətin olur.

Ceyhun Kərəmov: Rayonlardan məzun olub universitetə girməyənlərin 25 %-ni belə peşə məktəblərinə yerləşdirmək imkanımız yoxdur - MÜSAHİBƏ


Həmçinin İqtisadiyyat Nazirliyi və Vergilər Xidməti vasitəsilə özəl sahibkar kimi VÖEN açdıraraq işləyən məzunlarımızı müəyyənləşdirmək istəyirik.

- Bu gün hələ də peşə təhsili müəssisələrində çalışan kadrlara lazımı qədər əməkhaqqı verilməməsinin səbəbi nədir? Çıxış yolu kimi nə kimi təkliflərlə çıxış edə bilərsiniz?

- Son üç ildə təhsilverənlərin əməkhaqlarının artırılması istiqamətində bir çox addımlar atılıb. 2020-ci ildə dövlət başçısının sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən peşə təhsili müəssisələrində çalışan və diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Dövlətin siyasəti müəllimin maddi rifahının daim yaxşılaşdırılmasıdır.

Müəllimin kifayət qədər maliyyə resursu olmalıdır ki, təhsilə bağlı və daha çox yenilikçi olsun. Peşə təhsilində aparılan struktur islahatların da bu işə təsiri olacaq. Bundan başqa, keçən ildən adambaşı maliyyələşməyə keçmişik. Adambaşı maliyyələşmə mexanizmi həyata keçirilən təxminən 8 müəssisədə fərqlənən müəllimlər üçün xüsusi əmək haqqı yanaşmasının tətbiqi planlaşdırılır. Bundan başqa peşə təhsil müəssisələrini Publik Hüquqi Şəxslərə çevirməklə onların büdcədənkənar gəlirlərinin artırılması nəzərdə tutulur. Digər yanaşma isə ondan ibarətdir ki, peşə təhsilinin keyfiyyətinin artırılması yolu ilə ödənişli əsaslarla oxuyan tələbələrin sayının illər üzrə artırılması əmək haqlarının da artımına yol açacaq.

Artıq müəssisəyə dövlətin tələbələrin hazırlanması üçün verdiyi vəsait imkan verir ki, müəssisə müəlliminə təcrübəsinə, bacarığına və göstərdiyi nəticəyə uyğun olaraq əməkhaqqı versin, eyni zamanda yaxşı göstəriciləri olan müəllimi mükafatlandırsın. Amma bu bir növ keyfiyyətlə bağlı olmalıdır. İstədiyimiz odur ki, keyfiyyət göstəriciləri yaxşı olan müəllimlər daha çox məvacib alsın. Adambaşı maliyyələşmə prinsipi imkan verəcək ki, müəllimlərin, eləcə də rəhbər heyətin əməkhaqlarına müsbət dəyişiklik edək.

- Peşə təhsili sahəsində adambaşı maliyyələşmə sisteminin nə kimi üstünlükləri var? Hazırda əhatə dairəsi necədir?

- Bu mexanizmin tətbiqi peşə təhsili müəssisələrinə bir sıra əlverişli imkanlar yaradır. Çünki peşə təhsilinə keyfiyyətli kadr hazırlanmasına ayrılan vəsait düzgün deyildi. Yəni keyfiyyətli qaynaqçı hazırlanmasına əvvəlki modeldə kargüzar hazırlanmasına ayrılan vəsait qədər ayrılırdı. Artıq adambaşı maliyyələşmə daha obyektiv, eləcə də bütün tələbə hazırlığı üçün lazım olan xərclər nəzərə alınmaqla dövlət tərəfindən müəyyənləşdirilib və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub.

Peşə təhsili müəssisələrinin maliyyə imkanlarının yaxşılaşması təhsilalanların daha keyfiyyətli tədrislə təmin olunmasına imkan yaradacaqdır. Adambaşı maliyyələşmə tələbəyə həm praktiki, həm də nəzəri biliklər vermək üçün lazım olan ehtiyaclar ödənilərək təhsil almağa imkan verir. Misal olaraq, əvvəl məktəbin aşpaz hazırlayarkən ərzaq məhsulları almağa vəsaiti olmurdu. Yaxud da İT sahəsi üçün lisenziyalı proqramlar əldə etmək mümkün deyildisə, artıq bunu adambaşı maliyyələşməyə keçmiş müəssisələrdə həll etmək imkanı yaranacaq.

Həmçinin rəqabətədavamlı maliyyələşmə sistemi uyğun olaraq rəqabətqabiliyyətli kadrların müəssisələrə cəlb olunmasına və davamlı təkmilləşdirilməsinə şərait yaradacaq. Digər tərəfdən bu müəssisələr əldə edilən vəsait hesabına öz maddi-texniki bazalarını müasir dövrün tələblərinə uyğunlaşdıra biləcəklər. Yeni maliyyələşmə mexanizmi sahibkarlıq subyektləri ilə birgə fəaliyyət təsərrüfatlarının yaranmasına səbəb olacaq. Müəssisə tərəfindən tədris prosesində və ya təhsil müəssisələrinin tədris istehsalat və xidmət sahələrində istehsal edilmiş məhsulların satışı, iş və xidmətlərin göstərilməsi həyata keçiriləcək. Adambaşı maliyyələşmə həqiqi xərclər əsasında tələbə hazırlığını aparmaq imkanı yaradacaq. Hazırda 8 müəssisə adambaşı maliyyələşmə sisteminə keçid edib. Mərhələli şəkildə 2026-cı ilin sonuna qədər minimum 12 minə qədər tələbə bu prosesə cəlb olunacaq.

- Bu gün peşə sahələri üzrə vakant yerlər üçün layiqli namizədlər tapa bilirsinizmi?

- Bu, bizim ən böyük çətinliklərimizdəndir. Yaxşı peşə müəllimi yalnız pedaqoji bilikləri və ya nəzəri bilikləri olan adam deyil. Bu adamın həm də sənaye təcrübəsi olmalıdır. Bəzən deyirlər ki, avtomobil təmiri ilə məşğul olan çox yaxşı usta var, onu dərs deməyə dəvət edin. Biz də deyirik ki, onun texniki bilikləri yaxşı ola bilər, amma bunu tədris edə bilmir. Ən yaxşı ideal peşə təhsili müəssisəsində ola bilən müəllimin həm sənaye təcrübəsi, həm müəyyən pedaqoji bilik və bacarıqları olmalıdır. Bu baxımdan ölkə üzrə vəziyyət eyni deyil.

Kəmiyyətlə birlikdə tədrisin keyfiyyətinin də artırılması əsas hədəflərimiz sırasındadır. Belə olan halda müəllimlərin işə qəbul prosesinin təkmilləşdirilməsi və şəffaf şəkildə həyata keçirilməsi prioritetdir. Keçən il Müəllimlərin İşə Qəbulu imtahanları vasitəsilə ümumilikdə 321 müəllim işə qəbul etmişik. Burada əsas problem isə regionlarda kadr çatışmazlığıdır. Bəzi regionlarda Gəncədə, Cəlilabadda və ya Bərdədə İKT ilə bağlı ixtisaslar tədris edirik. Çünki infrastruktur buna imkan verir. Lakin bu ixtisaslar üzrə kadr tapmaq olduqca çətin olur.

Ceyhun Kərəmov: Rayonlardan məzun olub universitetə girməyənlərin 25 %-ni belə peşə məktəblərinə yerləşdirmək imkanımız yoxdur - MÜSAHİBƏ


İstehsalat, təlim ustaları və ixtisas müəllimlərin təxminən 30-40 %-i istədiyimiz orta keçid balını toplaya biliblər. Lakin təcrübəli sahələrdə işləmiş bəzi şəxslər isə imtahanda verilən kifayət qədər sadə sualın heç 20 faizinə belə cavab verə bilmir. Adambaşı maliyyələşməyə keçid imkan verəcək ki, qabaqcıl müəssisələrə daha keyfiyyətli və təcrübəli müəllimləri işə götürə bilək. Yaxud müəllim müəssisəyə gətirə bilmiriksə, bəlkə də tələbəni iş yerinə apara bilərik. Bu DUAL təhsillə mümkündür. Bir çox DUAL peşə təhsilinə keçid etmiş müəssisələrdə şəhərin ən yaxşı aşpazı orada müəllimdir. Yəni o, iki gün müəssisəyə gəlib dərs deyirsə, yerdə qalan üç gün tələbə onun yanında praktika keçir. Burada əlbəttə ki, işəgötürənin maraqlı öhdəliyi olmalıdır. Qaydalar təsdiq olunandan sonra daha keyfiyyətli kadrları peşə təhsili müəssisələrinə cəlb edə bilərik.

- Artıq Qarabağa Böyük Qayıdış mərhələli şəkildə həyata keçirilir. Azad olunan ərazilərdə yeni peşə təhsili müəssisələri inşa olunur. Təbii ki, yeni peşə ixtisasları da olacaq. Hansı yeni ixtisaslar açılacaq ? Orada peşə təhsili ilə bağlı proses necə tənzimlənəcək?

- Qarabağda 8 peşə təhsil müəssisəsi qurulacaq. Vətəndaşların qayıdış cədvəlinə uyğun olaraq peşə tədrisinin təşkili nəzərdə tutulur. Qayıdış proqramına əsasən 5 000 nəfər qısamüddətli təlimlərə, 1 000 nəfəri isə ixtisasartırma təlimlərinə cəlb etməliyik. Bu, ilkin mərhələdə yəqin ki, Qarabağdan kənarda olan müəssisələrdə baş tutacaq.

Hazırda 100-dən çox məcburi köçkün vətəndaşımız təlimlərə cəlb olunub. Gəncədə, Mingəçevirdə və Qəbələdə də təlimlər başlayacaq. Bu ayın sonu 35 nəfər məzun olacaq. Planlamanı apararkən ilk növbədə Qarabağla bağlı ölkə rəhbərliyinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasına uyğun olaraq hansı sektorlara ehtiyac olacaq onlara uyğun proqramları yaratmaq istəyirik.

Eyni zamanda bəzi ənənəvi peşələr var ki, onlara bütün şəhər və rayonlarda ehtiyac var. Bura qaynaqçı, avtomobil ustası, inşaat, bərbər və digər xidmət sahələri daxildir. Bunlar yəqin ki, bütün şəhərlərdə olacaq və insanlıq mövcud olduqca aşpaza ehtiyac olacaq.

Yeni ixtisaslara gəlincə, Füzulidə aviasiya sahəsi ilə bağlı bir neçə ixtisasları təklif etmişik. Çünki Qarabağda bir neçə hava limanı istifadəyə verilib və yeniləri inşa edilir. Burada mülki aviasiya ilə bağlı bir çox ixtisaslar təklif edilib. Bundan başqa, turizm sektoru da orada çox geniş yayılıb. Tikiləcək peşə təhsili müəssisələrində tədris aparılacaq əsas istiqamətlər kənd təsərrüfatı, İKT, xidmət, maşınqayırma, avtomobil, inşaat olacaq. Təbii ki, yerli şərait nəzərə alınacaq.

Həmçinin bir çox ixtisaslar ətrafında fikir mübadiləsi aparılır. Misal olaraq, digər rayonlarımızda olmayan müasir suvarma texnologiyalarını özündə ehtiva edən ixtisasların bu regionda tədrisi planlaşdırılır. Qarabağ yaşıl enerji zonası elan olunub. Biz də regionda bu tendensiyaya qoşuluruq. Bu ildən günəş panelləri və alternativ enerji üzrə texniklərin hazırlanmasına başlayacağıq. Füzuli peşə təhsil müəssisəsi hazır olan kimi orada da bu ixtisasları vətəndaşlarımıza təklif edə biləcəyik. Cəbrayılda da yaşıl enerji istehsal obyektləri qurulacaq. Bu istiqamətdə ixtisasların açılmasını planlaşdırırıq.

Bəzi spesifik sahələr var ki, bu istiqamətlərdə mövcud tarixi ənənələrimiz davam etməlidir. Məsələn, Şuşada musiqi alətlərinin təmiri ilə bağlı ixtisasın tədrisi planlaşdırılır. Çünki Şuşa bizim musiqimizin, mədəniyyətimizin beşiyi olan şəhərdir və oradakı peşə təhsil müəssisəsinin bu il layihələndirilməsi zamanı həmin ixtisasın nəzərə almağı planlaşdırırıq. Bəlkə də Azərbaycanda yeganə müəssisə olacaq ki, orada bu ixtisas tədris olunacaq.

Ceyhun Kərəmov: Rayonlardan məzun olub universitetə girməyənlərin 25 %-ni belə peşə məktəblərinə yerləşdirmək imkanımız yoxdur - MÜSAHİBƏ


- Peşə təhsili təsnifatının da yenilməli olduğunu demişdiniz. Söhbət əsas nədən gedir?

- Bu gün peşə təhsili üzrə ixtisasların təsnifatında dəyişikliklərin olması vacibdir. Təsnifatda hazırda 9 peşə istiqaməti üzrə 222 ixtisas qrupu var. Keçən il təsnifatda müəyyən dəyişikliklər etdik. Köhnəlmiş 24 ixtisas ləğv edildi və 95-i yeni əlavə edildi. Beynəlxalq təcrübəyə baxsaq görürük ki, təsnifata yanaşma fərqlidir. Azərbaycanda bir çox ölkələrdəki kimi Nazirlər Kabinetinin təsdiq etdiyi təsnifat sənədi yoxdur. Burada sadəcə sənaye assosiasiyaları var. Təsnifatlara dəyişiklik edilməsi üçün ehtiyac və tələblər müəyyənləşdirilməlidir. Yəqin ilin sonuna qədər bununla bağlı yeni layihəmizi təqdim edəcəyik.

- Türkiyə ilə birgə peşə təhsili müəssisəsi yaradılmalı idi işlər nə yerdədir? Başqa hansı ölkələrlə əməkdaşlıqda maraqlısınız? Ümumiyyətlə xaricdən mütəxəssis cəlbi nəzərdə tutulurmu?

- Tədrisin keyfiyyətinin artırılmasında beynəlxalq təcrübənin öyrənilməsi əsas istiqamətlərdən biridir. Türkiyə ilə çox vacib iki layihəmiz var. İki müəssisəmizin birgə idarə edilməsi istiqamətində əməkdaşlığa başlayacağıq. Artıq praktiki olaraq bütün mərhələlər bitib və son protokolla bağlı qaydalar müəyyənləşdirilir.

Nəzərdə tutulur ki, Bakıda toxuculuq və İT, Qəbələdə turizm və ya xidmət sahəsində iki müəssisə birgə idarəçilik edəcək. Müəssisələrdə bütün peşə ilə bağlı ixtisas fənləri Türkiyə kurikulumuna uyğun olaraq oradan gələn müəllimlər tərəfindən tədris ediləcək və müəssisənin idarə edilməsi də birgə olacaq. Təbii ki, müəyyən fərqlər gözlənilir. Məsələn, Türkiyədə peşə təhsilinə uyğun olaraq müavinlərin sayında fərq olacaq. Hazırda qarşılıqlı razılaşmada müzakirə olunan məsələlərdən biri budur. Yəni burdakı müəssisələrimizdə üç müavin varsa yaradılacaq müəssisədə bu sayın artması gözlənilir. Burada istehsalatın idarə edilməsi ilə bağlı konkret vəzifələr və yəni ştatlar var. Hesab edirəm ki, bu, peşə təhsil sistemi üçün yenilik olacaq.

Eyni zamanda üç ildən çoxdur ki, müəllimlərimizi Türkiyədə təlim proqramlarına cəlb edirik. Təlimlərdə həm paytaxtda, həm regionlarda fəaliyyət göstərən 10-dan çox peşə təhsili müəssisəsinin 100-ə yaxın mühəndis-pedaqoji heyəti iştirak edib. Bundan başqa, 5 müəllimimiz WorldSkills platforması çərçivəsində Cənubi Koreyada İKT sahəsində təlimlərdə iştirak edib. Bundan başqa beynəlxalq tərəfdaşlarımızın da dəstəyi ilə 10-dan çox beynəlxalq ekspert müəllimlərimizə ustad dərsləri keçib. Ümumiyyətlə bir çox ölkələrlə yaxından əməkdaşlıq edirik və ümid edirik ki, bu sahədə həm müəllimlər, həm də müəssisə rəhbərləri üçün imkanlar artacaq.

Bir çox ölkələrin müəllimi Azərbaycana gələrək bütün peşə təhsili müəssisələrinin müəllimləri üçün master-klasslar keçirlər. Ötən il Türkiyədən dəvət olunan müəllimlər bizim spesifik istiqamətlər üzrə təhsilverənlər üçün kurikulum və dərslik hazırlanması, eləcə də əmək bazarına olan ehtiyacların öyrənilməsi istiqamətində müəyyən təlimlər keçdi. Fikrimcə, təlimlər daimi olmalıdır, çünki ehtiyac çoxdur. Beynəlxalq təcrübədən yararlanmağı qarşımıza əsas hədəf kimi qoymuşuq.

- Süni intellekt dünyada inkişaf edir. Sizin müəssisələrdə də proqramlaşdırma üzrə ixtisaslar keçirilir. Bu sahədə mütəxəssisiniz varmı?

- Sözün açığı, günün reallığında peşə təhsilinin süni intellekt istiqamətində tələbə hazırlaya biləcəyi çətin sualdır. Amma beynəlxalq təcrübədə bu gün mühəndis yox, məhz texniki vəzifələrə hazırlıq həyata keçirilir. Qısa müddətdə süni intellekt üzrə hər hansı mütəxəssis hazırlamaq planımız yoxdur. Hesab edirəm ki, bu, hazırda ali təhsil müəssisələrində aparıla bilər. Çünki süni intellektlə məşğul olmaq üçün güclü riyazi biliklər tələb olunur. İnformasiya texnologiyaları istiqamətində isə bir çox ixtisaslar üçün tələbə hazırlayırıq. Xüsusilə vurğulamaq lazımdır ki, 2021-ci ildən etibarən yüksək texniki peşə təhsili səviyyəsinin (MKÇ-də 5-ci səviyyə) tədris olunması etibarilə İKT istiqaməti üzrə Kompüter sistemlərində proqramlaşdırma, Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, Kibertəhlükəsizlik kimi ixtisaslar respublika üzrə müxtəlif peşə təhsili müəssisələrində tədris olunur. Təbii ki, süni intellektin təklif etdiyi imkanlardan da istifadə etməyi düşünürük.

- Hansı ixtisaslara bu ildən qəbul dayandırılacaq? Ötən illə müqayisədə ixtisasların sayında dəyişiklik olubmu?

- Keçən il peşə təsnifatı yenilənib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na 5 yeni ixtisas qrupu və 95 yeni ixtisas əlavə edilib, 24 ixtisas ləğv olunub və ya adı dəyişdirilib. Son dəfə təsnifat 2011-ci ildə yenilənib. Ötən 13 il ərzində qlobal miqyasda qarşımıza çıxan yeni çağırışlar, o cümlədən əmək bazarının sürətlə dəyişməsi, tələblərin yenilənməsi “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi zərurətini ortaya çıxarıb. Bu məqsədlə müvafiq sahədə fəaliyyət göstərən işəgötürənlər və işəgötürən assosiasiyaları ilə birgə əmək bazarı tələbatına uyğun yeni ixtisasların təsnifata əlavə edilməsi və bəzi ixtisasların ləğv edilməsi mövzusunda müxtəlif görüşlər, dinləmələr təşkil edilib. Yeni istiqamətlər hesab edilən turizm, İKT, bərpa olunan enerji mənbələri kimi istiqamətlərdə yenilənmənin zəruri olduğu aşkar edilib. Digər tərəfdən YTP təhsil səviyyəsində olan ixtisaslar da artıq 4 ilə yaxındır tədris edilsə də, məhz bu qərarla təsnifata daxil edilib. Təhlillər yalnız bu il və ya növbəti üç il üçün yox, sonrakı 10 ili əhatə etməlidir. Çünki yeni ixtisasları təsnifata salmaq üçün bizə minimum iki il vaxt lazımdır. Əslində bu müddət işəgötürənlər üçün çox gecdir. Yəqin ki, bunu təsnifat məsələsində nəzərə alacağıq.

Ceyhun Kərəmov: Rayonlardan məzun olub universitetə girməyənlərin 25 %-ni belə peşə məktəblərinə yerləşdirmək imkanımız yoxdur - MÜSAHİBƏ


- Bu gün əsasən hansı peşələr üzrə kadr çatışmazlığı var?

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) müvafiq qurumları əmək bazarını mütəmadi analiz edir və nəticələr ortaya çıxır. Biz də qəbul planımızı hazırlayarkən həm ƏƏSMN, həm də İqtisadiyyat Nazirliyinin verdiyi rəyləri nəzərə alırıq. Son gələn məlumatlar onu göstərir ki, İKT sahəsində olan peşələrə tələbat çox yüksəkdir (kibertəhlükəsizlik, proqramçı, veb master). Araşdırma nəticələrinə əsasən kənd təsərrüfatı, idarəetmə və İKT sahələrində tələb çox yüksəkdir. Bu il üçün 8 yeni - qida və içki üzrə mütəxəssis, suvarma maşınları və nasos qurğuları maşinisti, tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki, alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panellərinin quraşdırıcısı və təmirçisi, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), dronların texniki xidməti və təmiri üzrə mütəxəssis və elektrik və hibrid avtomobillərin texniki qulluğu və təmiri üzrə texnik ixtisasını təklif edəcəyik.

Tehsil-press.az

Oxşar xəbərlər