Mərkəzi Bank BDU tələbələri üçün infosessiya keçirib

Mərkəzi Bank BDU tələbələri üçün infosessiya keçirib Azərbaycan Mərkəzi Bankı Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun təşkilatçılığı ilə tələbələr üçün “Maliyyəçisən” təcrübə proqramı haqqında infosessiya keçirib.

BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov tələbələrə sektorun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, tələbələrin karyera quruculuğuna yardım etmək, onları əmək bazarına uğurlu adaptasiyaya yönləndirmək üçün müxtəlif qurumlarla səmərəli əməkdaşlıq edilir.

Mərkəzi Bankın İnsan resursları departamentinin Təhsil və inkişaf şöbəsinin mütəxəssisi Nigar İsayeva təcrübə proqramının məqsədinin Azərbaycanın yüksək potensiallı gənclərini bank sektoru ilə yaxından tanış etmək, onların bacarıqlarını inkişaf etdirmək olduğunu vurğulayıb. Mərkəzi bankçılıq sistemi üzrə əvəzsiz təcrübə qazandıracaq bu proqram gənclərə uğurlu karyera qurmağa təkan verəcək. İştirakçılar təcrübə müddətində seçilən istiqamətlər üzrə təyin olunan mentorların dəstəyi ilə ən mühüm bacarıqlara yiyələnəcək, müxtəlif bankdaxili təlimlərə qatılacaqlar. Təqaüd proqramında hədəf qrupunu tələbələr və son iki ilin məzunları təşkil edir.

Tələbələrə proqramın müddəti, mərhələləri, müraciət qaydaları, şəxsi qovluğun hazırlanması yolları ətraflı izah olunub.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər