Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən AÇIQLAMA

Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən AÇIQLAMA Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistin sualı cavablandırarkən deyib.

Belə ki, jurnalist Paşinyanın Azərbaycanla sərhəddə vəziyyətin dəyişdiyi, artıq orada cəbhə xəttinin olmadığı barədə dediklərini xatırladıb və İrəvanın Rusiya hərbi bazasının ölkədən çıxarılmasını tələb edə biləcəyi ilə bağlı Kremlin narahatlığının olub-olmadığını soruşub.

Peskov qeyd edib ki, bununla bağlı heç bir siqnal olmayıb, ölkə liderlərinin isə bu məsələyə qayıtmaq imkanları hələ də var.
“Prezident Putin və baş nazir Paşinyanın qısamüddətli perspektivdə bunları, həmçinin lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəyini gözləyirik”, - deyə Peskov vurğulayıb.

Xatırladaq ki, aprelin 19-da Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşündə razılıq əldə olunub. Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər