Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO

Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO Aprelin 16-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb. Qəbul mayın 15-dək davam edəcək.

Azərbaycanda bu təhsil səviyyəsi fəlsəfə və elmlər doktorluğu olmaqla proqramlara ayrılır.

Doktorantlar əyani şəkildə təhsil alırlarsa, hər hansı bir yerdə tam ştatda işləyə bilməzlər. Elmlər doktoru hazırlığı üzrə doktorantlara 400 (dörd yüz) manat; fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara 240 (iki yüz qırx) manat civarında təqaüd verilir. Lakin mütləq şərt qoyulur ki, yarımştat işləsinlər.

Bəziləri bu vəsaitin nə tədqiqata, nə də dolanışığa çatdığını deyir, sırf bu səbəbdən qiyabi təhsilə üz tutduqlarını vurğulayırlar. Qiyabi təhsil alanlar isə təqaüddən məhrumdurlar.

Bəs görəsən, bu məsələ hansı şəkildə tənzimlənməlidir? Doktoranturanın hansı üstünlüklərinə görə ayda dörd yüz manat təqaüdlə kifayətlənməyə dəyər?

Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Kamilə Əliyevanın sözlərinə görə, əyani təhsil alan doktorantlara istehsalatdan ayrılma şərti qoyulur:

“Qiyabi təhsil alanlar isə istehsalat prosesindən ayrılmırlar. Doktoranturada təhsilin iki forması olur: dövlət hesabına və ödənişli əsaslarla. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ödənişli əsaslı təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa verildikdə də bu hüquq saxlanılır”.

K.Əliyevanın sözlərinə görə, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar əyani üç il, qiyabi dörd il təhsil alırlar:

“Elmlər doktoru hazırlığı üzrə doktorantlarda isə əyani təhsil dörd, qiyabi - beş il olur. Doktorantlar dissertasiya mövzusu üzrə tədqiqat aparmaq üçün ali təhsil müəssisələrində, elmi müəssisələrdə, laboratoriyalarda avadanlıqlardan elmi işçilərlə bərabər istifadə edə bilirlər. Ekspedisiyalarda iştirak etmək hüququna malikdirlər”.

Deputat doktorantlara verilən təqaüddən söz açıb:

“Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericilikdə müəyyən olunmuş məbləğdə təqaüd verilir. Əyani təhsil alan doktorantlar qəbul olduqları təhsil müəssisələrinə əmək kitabçası təqdim edirlər. Bu, şərtdir. Onlar hər hansı bir yerdə tam şəkildə işləyə bilməzlər. Təqaüd də buna görə verilir”.
Təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, Azərbaycanda doktorantura pilləsi dünyada mövcud olan səviyyəyə uyğunlaşdırılmayıb:

“Azərbaycan Boloniya prosesinə qoşularkən bakalavr və magistr təhsilini proseslərə uyğunlaşdırdı. Doktoranturanı dünyada mövcud olan səviyyəyə uyğunlaşdıra bilmədi. Hazırda Milli Məclisdə müzakirə olunan ali təhsil haqqında qanun layihəsində bu məsələ öz əksini tapır. Bunu kompleks şəklində həll etmək gərəkdir.

Bu təhsil pilləsi üzrə bütün dünyada müəyyən dövrdə müxtəlif fənlər tədris olunur. Sonra tədqiqat başlayır. Doktorantura ciddi təhsil olduğu üçün doktorant proseslərlə aktiv məşğul olmalıdır”.

E.Süleymanov əyani təhsil alan doktorantların tam şəkildə işləyə bilməmə məsələsini universitetlərdə olan boşluq ilə əlaqələndirib:

“Boşluqdan irəli gəlir. Düşünülür ki, doktorant universitetin əməkdaşı olmalıdır. Ona görə tam işləyə bilməz. Tədqiqatla məşğul olmalıdır.

Dəqiq elmlər üzrə doktorantın tədqiqat müəssisəsində işləməsi elmi araşdırmalara müsbət təsir edə bilər. Qurum onun işinin keyfiyyətinə görə fərdi müqavilə bağlaya bilər.

Əsas iş yerindən ayrılmamaq üçün qiyabi doktorantura seçimi var. O zaman doktorant təqaüd ala bilmir. Əyani doktorant müəyyən kafedraya təhkim olunur. Elmi tədqiqatla məşğul olur. Doktorant yüksəkmaaşlı yerdə fəaliyyət göstərməli, tədqiqatına dəstək verəcək işlə məşğul olmalıdır. Sadəcə, təqaüdə göz dikməməlidir”.

“Doktorant aktiv olmalıdır. Müxtəlif elm fondlarının, şirkətlərin müəyyən layihələrindən yararlanmaq, beynəlxalq layihələrə qoşulmaq mümkündür. Həqiqi elm adamları üçün alternativ gəlir imkanları mövcuddur. Doktorant həm yerli, həm də xarici resurslardan istifadə edə bilər.

Ancaq təhsilin bu səviyyəsində müəyyən təkmilləşməyə, şübhəsiz ki, ehtiyac var”, - deyə E.Süleymanov əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər